Siğorta ilə müştəri arasında qalmaqal: “Maşınımı şirkətin qarşısında yandıracağam”

“Atəşgah” siğorta şirkəti müştərisi ilə bağladığı müqaviləyə əməl etmir.


Şirkət 10 KA 454 nömrə nişanlı "Nissan Maxima" markalı avtomobili ilə qəzaya düşmüş Maqsud Abdulov adlı müştərisinin sığorta ödənişini ödəməkdən boyun qaçırır.

Bu barədə AzNews.az-a danışan Maqsud Abdulov adlı müştəri bildirib ki, şirkət qanunsuz olaraq sığorta ödənişini etmir: "Mənə məxsus 10 KA 454 dövlət nömrə nişanlı "Nissan Maxima" markalı avtomobil digər sürücü tərəfindən vurulub. Hər iki maşının sığortalandığı şirkət və Dövlət Yol Polisləri hadisə yerində olublar. Məlum oldu ki, günah mənim avtomobilimi vurandadır. Həmin maşın da "Atəşgah" sığorta şirkətində icbari sığortalanıb. Qanuna görə, "Atəşgah" sığorta mənim avtomobilimi əvvəlki vəziyyəti kimi təmir etdirməlidir. Amma sığorta şirkəti heç bir əsas olmadan, özünə sərf edən formada qiymətləndirmə aparıb. Nəticədə şirkət cəmi 320 manat ödəmək istəyir. Bu məbləğ isə dəymiş ziyanın heç 10 faizi deyil. Mən qiymətləndirmə ilə razılaşmadım və ekspertlərin dəvət olunmasını tələb etdim. Şirkət heç bir sözə məhəl qoymur və dəymiş real ziyanı ödəməkdən imtina edir".

Şirkət rəhbərliyi dəymiş ziyanı ödəməməklə yanaşı, M.Abdulovu hədələyib: "Sonuncü dəfə rəhbərlik məni hədələdi. Hətta mənə "hara istəyirsən şikayət et" deyərək otağından qovdu. Yeganə çıxış yolum avtomobili şirkətin qarşısında yandırmaqdır".

Məsələyə münasibət bildirən şirkətin qiymətləndirmə şöbəsinin eksperti Mahir Hüseynov AzNews.az-a bildirib ki, artıqproblem həll olunub: "Hər hansı narahatlığa əsas yoxdur. Artıq Maqsud Abdulov ərizə yazaraq ona ödəniləcək 320 manatı alıb. Özü də bundan razıdır. Düzdür əvvəl bir az buna qarşı çıxdı. Amma sonradan özü gəlib ərizə yazaraq ona ödəniləcək pulu aldı. Hətta öz razılığını da bildirdi. Çünki o pulu ona faktlarla ödəyirik".

Mahir Hüseynov şirkət rəhbərliyinin müştərini hədələməsi məsələsinə də münasibət bildirib: "Deyilənlərin hamısı onun özünü müdafiəsi üçündür. Niyə şirkət rəhbərliyi onu hədələsin? Belə bir şey olmayıb".

Sevinc YASİNQIZI