"Azəriqaz" İstehsalat Birliyinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu Xəzər rayonu Türkan qəsəbəsi sakinləri tərəfindən döyülüb. "Azəriqaz" İstehsalat Birliyinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu Xəzər rayonu Türkan qəsəbəsi sakinləri tərəfindən döyülüb.

“Azəriqaz“ın əməkdaşı döyüldü

"Azəriqaz" İstehsalat Birliyinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu Xəzər rayonu Türkan qəsəbəsi sakinləri tərəfindən döyülüb.


Zərərçəkmişə ağır bədən xəsarətləri yetirilib.

Məlumata görə, yanvarın 25-də Birliyin əməkdaşları tərəfindən Xəzər rayonu Türkan qəsəbəsində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş növbəti yoxlamalar aparılıb. Aparılan yoxlamalar zamanı Xanlar küçəsində yaşayan Mayılov Məmmədağanın həyatyanı sahəsində yerləşən istixanaya sayğacdan kənar çəkilmiş qaz xətti aşkar olunub və qeyri-qanuni qaz kəmərinin ləğvi zamanı Türkan qəsəbəsi, Xanlar küçəsində yaşayan Mayılov Məmmədağa, onun övladları Samir və Rəfael tərəfindən Birliyin Təmir-tikinti İdarəsinin 4 saylı Qəza-təmir bərpa xidmətinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu döyülərək, ona ağır bədən xəsarətləri yetirilib. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən "Azəriqaz" əməkdaşına ilkin olaraq onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu qoyulub.

Faktla bağlı Xəzər RPİ 1-ci Polis Bölməsi tərəfindən araşdırma aparıldığı açıqlanıb.

Qeyd edək ki, ötən il təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər nəticəsində respublika üzrə 7 347 əhali, 160 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq "qüsur aktı" tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 1 769 378 manat dəyərində dəymiş ziyan hesablanıb.

SOCAR-in "Azəriqaz" İstehsalat Birliyi təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcəyini açıqlayıb.

Qurumun məlumatında qeyd edilir ki, abonentlərin keyfiyyətli, təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması və göstərilən xidmət səviyyəsinin durmadan yaxşılaşdırılması, eyni zamanda təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Report.az