Dünya bazarında neftin qiymətinin günü-gündən aşağı düşməsi ölkənin valyuta ehtiyatlarının da azalmasına səbəb olur ki, bu da qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafını zəruri edir. Kənd təsərrüfatının ən gəlirli sahələrindən olan pambıqçılığın xüsusilə dirçəldilməsi artıq zamanın tələbidir. Dünya bazarında neftin qiymətinin günü-gündən aşağı düşməsi ölkənin valyuta ehtiyatlarının da azalmasına səbəb olur ki, bu da qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafını zəruri edir. Kənd təsərrüfatının ən gəlirli sahələrindən olan pambıqçılığın xüsusilə dirçəldilməsi artıq zamanın tələbidir.

Azərbaycanda “qara qızıl”dan “ağ qızıl”a – Keçid dövrü

Dünya bazarında neftin qiymətinin günü-gündən aşağı düşməsi ölkənin valyuta ehtiyatlarının da azalmasına səbəb olur ki, bu da qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafını zəruri edir. Kənd təsərrüfatının ən gəlirli sahələrindən olan pambıqçılığın xüsusilə dirçəldilməsi artıq zamanın tələbidir.


Ötən gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışında ölkə başçısı İlham Əliyev də kənd təsərrüfatının, xüsusən pambıqçılığın inkişafının mühümlüyündən danışıb:

"Biz pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Pambıqçılıq həm çoxlu sayda iş yeri, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, 1 kq pambığı yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq" deyə prezident qeyd edib.

Bəs son illər əkin sahələri, istehsalı əhəmiyyətli dərəcədə azalan pambıqçılığı dirçəltmək üçün hansı addımlar atılmalıdır?



Kənd təsərrüfatı üzrə iqtisadçı mütəxəssis Vahid Məhərrəmov strateji məhsul olan pambığın "ağ qızıl" statusunu özünə qaytarmaq üçün ilk növbədə ciddi dövlət proqramının hazırlanmasını zəruri sayır:

"Bundan sonra pambıqçılığın inkişafına nail olmaq üçün kompleks yanaşma tələb olunur. Toxum, suvarma, gübrə istifadəsi üzrə müasir sistemin tətbiqi, yeni texnikaların cəlb edilməsi, bu sahə ilə məşğul olanların maarifləndirilməsi, ucuz və aşağı faizlə kreditlərin ayrılması və s. Eyni zamanda emal müəssisələrinin sayı artırılmalı, həm də bura çoxlu sahibkar cəlb olunmalıdır ki, rəqabət və şəffaflıq olsun".



Vahid Məhərrəmov bu işdə nailiyyətə çatmaq üçün beynəlxalq təcrübənin öyrənilməsi, bunun üçünsə beynəlxalq mütəxəssislərin cəlb olunmasını da məqsədəmüvafiq hesab edir. Onun sözlərinə görə, indi pambıq əkən fermerlər aqrotexniki qaydalara tam əməl edə bilmədiyindən, həm az, həm də aşağı keyfiyyətli məhsul əldə edirlər. Bu da məhsulun qiymətinə təsir edir. Emal müəssisələri onların məhsulunu olduqca ucuz qiymətə alır.

İqtisadçı daha bir mühüm məsələnin hazırda işlək olmayan "Pambıqçılıq haqqında Qanun"un yenidən təkmilləşdirilməsi və bu sahənin inkişafını stimullaşdıran əlavələrin edilməsini diqqətə çatdırır.

İndi isə pambıqçılıqdakı mövcud vəziyyət belədir ki, məhsulu çətinliklə becərən fermer sonda əziyyətinin hədər getdiyini, məhsulunun əlində qaldığını görür. Pambıq zavodları məhsulu 40-41 qəpikdən yuxarı almır ki, fermerlər də onun xərci ilə gəlirinin başa-baş çıxmasından gileylənir. Onlar deyir ki, 1 ha sahəyə 700-800 manata qədər vəsait xərclənir. Əldə olunan gəlir isə məhsulun yalnız maya dəyərini ödəyir.

Fermerlər heç olmasa pambığın 1 kiloqramının qiymətinin 80 qəpik - 1 manat civarında olmasını istəyirlər.

Ölkəmizdə pambıq əsasən Aran-Qarabağ bölgəsində yetişdirilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2015 -ci ildə əvvəlki ilə nisbətən pambığın əkin sahəsi 4,1 min hektar azalaraq 18,8 min hektar təşkil edib. Hesablamalara görə, 1990-cı ildə indikindən 14 dəfə çox ərazidə, 264 min hektar sahədə pambıq əkilib. 2000-ci ildə bu, 101min hektar, 2005 -ci ildə 112 min hektar, 2010-cü ildə isə 30 min hektara düşüb.



Əkin sahələrinin azalması səbəbindən bu sahədə istehsal da aşağı düşüb. Əgər 1990-cı ildə pambıq istehsalı 542, 9 min ton idisə, beş il sonra bu göstərici 2 dəfə, sonrakı illərdə isə daha çox azalıb. 2005-ci ildə 196,6 min ton pambıq istehsal olunduğu halda 2014-cü ildə bu rəqəm 40,6 min tona düşüb.

Pambıqçılığın dirçəldilməsi həm də yüngül sənayenin inkişafı, emal müəssisələrinin, toxuculuq fabriklərinin yaradılması və xeyli sayda iş yerlərinin açılması deməkdir. Sovet hakimiyyəti illərində mövcud zavod və fabriklərin işini yada salmaq kifayət edir ki, bu sahənin ölkə və əhali üçün gəlirliliyi anlaşılsın.

Bu baxımdan bu gün dünyanın ən inkişaf etmiş ölkələri, eləcə də inkişaf etməkdə olan ölkələri pambıq istehsalına xüsusi diqqət ayırır. ABŞ, İsrail, Türkiyə, Çin, Hindistan kimi ölkələr bu sahədən kifayət qədər böyük gəlir əldə edir.

Hətta vaxtilə bizim yarışdığımız Özbəkistan artıq pambıqçılığı yüksəldərək 3,5 milyon tona çatdırıb. Artıq dünya pambıq istehsalının 15 faizi Özbəkistanın payına düşür. Bununla paralel olaraq, özbəklər toxuculuq sənayesini də inkişaf etdirib. 30 transmilli xarici şirkətin dəvətilə istehsal edilən pambığın artıq 70%-ə qədəri Özbəkistanın öz ərazisində parçaya və toxuculuq məhsullarına çevrilir. Beləliklə də dünya toxuculuq məhsulları bazarında Özbəkistan artıq Çin və Türkiyənin yeni bir rəqibinə çevrilib.

Məhz bu ölkənin təcrübəsi göstərir ki, bu sahənin Azərbaycanda yenidən dirçəldilməsi olduqca vacibdir. Həm də ölkəmizdə pambıqçılığın inkişafı üçün potensial və resurslar, məhsuldarlıq adları çəkilən ölkələrdən qat-qat yüksəkdir. Statistikaya görə, Azərbaycanda hər hektardan orta hesabla 2 tona yaxın pambıq götürmək mümkündür. Dünyanın əksər ölkələrində isə bu göstərici 1 tona yaxındır. Odur ki, "heç vaxt heç nə gec deyil" prinsipini əsas tutaraq "qara qızıl" erasından "ağ qızıl"a keçid üzərində vacib əməli tədbirlərə başlamaq lazımdır.

anspress.com