Kondisioner insanın sağlamlığına necə təsir edir?

Kondisionerin işi insanın psixikasına təsir göstərir

Adamların çoxu belə hesab edir ki, uzun müddət kondisionerin qarşısında olan insan ciddi xəstələnə bilər.

“MedikForum” saytı xəbər verir ki, Lourens adına Milli Laboratoriyanın (Kaliforniya Universiteti, Berkli, ABŞ) bir qrup alimi kondisionerin insanlara müxtəlif şəkildə təsir göstərdiyini sübut edib, çünki hər kəsin orqanizminin fərdi xüsusiyyətləri var.

Alimlər hesab edirlər ki, burada hər şey kondisionerdən necə istifadə edilməsindən asılıdır. Ondan düzgün istifadə edilsə, xəstələnmə mümkün deyil. Araşdırma nəticəsində məlum olub ki, əhvalın pislənməsindən şikayətlənənlər çox vaxt ofis işçiləri olur. Bu fenomen “xəstə binalar sindromu” adlanır. Kondisionerlərin yanında çalışan ofis işçiləri özlərini halsız hiss edir, tez-tez öskürür, zökəm olurlar, tənəffüsləri pisləşir, boğazları quruyur, baş ağrıları yaranır.

Alimlərin sözlərinə görə, kondisionerin işi insanın psixikasına təsir göstərir. Otaqda hava çox isti və ya soyuq olanda insanın əmək məhsuldarlığı azalır.

Mütəxəssislər kondisionerin müsbət təsirləri arasında havanın düzgün filtrasiyasını xüsusi qeyd edirlər. Bu halda havanı çirkləndirən hissəciklər insan orqanlarına düşə bilmir.

Alimlər müəyyən ediblər ki, kondisionerdən düzgün istifadə edildikdə o, ürək-damar xəstəliklərinə tutulma riskini azaltmağa kömək edir.(AZƏRTAC)

AzNews.az