- Maraq dairəsi
- 26 Aprel 2023 19:47
- 19 290
İT mütəxəssisi: "Bu risklərin qarşısını tam almaq mümkün deyil"
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov bildirib ki, dövlət orqanlarının nə qədər resursları olsa da, bütün kibertəhdidlərin qarşısını ala bilməz. Bu məqamda xarici ölkələrin hansı təcrübələrindən yararlanmalıyıq? Mövcud təhlükələrə qarşı hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı suallarımızı İnformasiya Texnologiyaları mütəxəssisi Dadaş Cəfərova ünvanladıq. O, bu haqda danışarkən hər bir sahədə olduğu kimi kibertəhlükəsizlik sahəsində də müəyyən risklərin olduğunu bildirib:
"Lakin bu risklərin qarşısını tam almaq mümkün deyil. Çünki informasiya texnologiyaları inkişaf edir”.
Onun sözlərinə görə, bu sahədə inkişaf getdikcə risklər də bir o qədər çoxalır:
“Bu sahədə bir sıra boşluqlar ola bilər. İnformasiya texnologiyalarının həm maddi, həm də texniki bazası inkişaf edir. Xarici ölkələrin təcrübələrinə gəldikdə isə bunu deyə bilərik ki, bir sıra inkişaf etmiş ölkələr bu avadanlıqları özləri istehsal edir. Bu da bir sıra təhlükələrin qarşısını almağa yardım edir”.
Mütəxəssis qeyd edib ki, Azərbaycan bu mövzuda müəyyən qədər digər ölkələrdən asılıdır:
“Kibertəhlükəsizliklə bağlı bir sıra avadanlıqlar bizə xarici ölkələrdən gətirilir. Bu sahədə Azərbaycanın da texniki bazası olmalıdır və inkişaf etdirilməlidir. Kibertəhlükəsizliyi tam təmin etmək mümkün olmasa da, bu sahədə müəyyən risklərin qarşısını almaq olar”.
Ayan Rzayeva,
AzNews.az