Günəşdə son 7 ilin ən güclü alışması olub

Günəşdə son 7 ilin ən güclü alışması olub.

Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd olunub ki, hesabat dövrü ərzində Günəş fəallığı artaraq 2023-cü ilin dekabrın 31-də 3536 oblastında X5.0 sinifli alışma qeydə alnmışdır. Bu alışma 2017-ci ildən sonra qeydə alınan ən güclü alışma olmuşdur. Alışma Günəş diskinin şərq limbində baş verdiyindən Yerə təsiri zəif olmuşdur. Həmçinin alışma ilə bağlı R2-R3 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və IV tip radioemissiya və qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Hal-hazırda Günəş ləkələrinin sayı artaraq, 10 ləkə qrupunda 171 ləkə və Tac dəlikləri müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli orta səviyyədə olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə Günəş fəallığı ilə bağlı olaraq 03-06 yanvar tarixlərində yüksələrək S1 (maks: 25 pfu) dərəcəli radiasiya qasırğası baş vermişdir.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 504 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 12 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (317 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə -1 nT təşkil edir. Kp indeksi 1-ə bərabərdir, kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (08-14 yanvar) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir. Hələlik geoeffektiv Tac dəliyi axınları qeyd olunmur. Geomaqnit sahəsinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 08-09 yanvarda qeyri-sabit və aktiv səviyyələrdə, sonra isə sakit olacağı gözlənilir.