Yazmaq sənəti – sözlərlə ruh yaratmaq bacarığı

Yazmaq sadəcə fikirləri kağıza köçürmək deyil. Yazmaq, insanın içindəki səssiz səsi eşitmək və onu dünyaya təqdim etməkdir. Bəzən bir insan susur, amma qələm danışır. O qələm elə bir gücə malikdir ki, sanki sözlər insanın içindəki ən dərin qatlara qədər enir və oradan bir parça ruh gətirir. Yazmaq, düşüncənin şəkil alması, duyğuların sözlərdə bədən tapmasıdır. Hər bir cümlə bir nəfəs, hər bir nöqtə bir dayanmaq, hər bir nida bir ürək döyüntüsüdür. Yazı insanı azad edir. O, sənin gizlətdiyin, deməyə cəsarət etmədiyin hər şeyi sən demədən deyir. Bəzən yazarkən insan elə bil başqasına yox, özünə etiraf edir. Çünki yazı insanın öz-özü ilə söhbətidir, vicdanla üz-üzə gəlməsidir, ruhun xamlığını cilalamaqdır.

Yazmaq həm də bir məsuliyyətdir. Çünki hər söz bir toxum kimidir, kimin qəlbinə düşəcəyini bilmirsən. Yaxşı söz ürəyə işıq salır, yanlış söz isə yara aça bilər. Buna görə də yazmaq həm azadlıq, həm də vicdan işidir. Yazıçı üçün hər mövzu bir dünya, hər fikir bir nəfəsdir. Yazmaqla insan həm yaradır, həm də özünü yaradır. Yazı insana düşünməyi, duymağı, hiss etməyi, anlamı öyrədir. Yazı təkcə ədəbiyyat deyil, həyat tərzidir.

Əsl yazı o zaman doğulur ki, insan ağrısını, sevincini, qorxusunu, inamını, hətta susqunluğunu belə sözlərə çevirmək cəsarəti tapır. Yazı bir növ dua kimidir — səssiz, amma dərin. Oxuyanı düşündürür, yazanı sağaldır. Bəzən bir cümlə bir insanın həyatını dəyişir. Bir yazı, bir qəlbi sakitləşdirir. Ona görə də yazmaq həm sənət, həm şəfa, həm də etirafdır. Yazmaq sənəti, əslində, insanın özünü anlama sənətidir.

AzNews.az