Alimlər Yapon ağac qurbağasının bağırsaq mikroflorasında xərçəngə qarşı inanılmaz dərəcədə effektiv bir vasitə aşkar ediblər. Siçanlar üzərində aparılan təcrübələrdə bakteriya ştammlarından biri şişləri tamamilə aradan qaldırıb və onların yenidən yaranmasının qarşısını alıb.
Aznews.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Tədqiqatçılar araşdırmada suda-quruda yaşayanlar və sürünənlərin xərçəng xəstəliyinə olduqca nadir hallarda tutulmasını əsas götürüblər. Onlar qurbağalar, tritonlar və kərtənkələlərdən təcrid edilmiş 45 bakteriya ştammını sınaqdan keçiriblər və bir neçəsinin şiş əleyhinə aktivliyə malik olduğunu müəyyən ediblər.
Ən effektiv ştamm Yapon ağac qurbağasının bağırsağından əldə edilmiş “Ewingella americana” olub: bir dəfə tətbiq edilməsi siçanlarda şişlərin tamamilə yox olmasına səbəb olub. Tədqiqatın nəticələri “Gut Microbes” elmi dərgisində dərc olunub.