- Siyasi müzakirə
- 21:48
- 2 308
“Azərbaycan təkcə bəyanatlarla yox, konkret addımlarla sülhü dəstəkləyir” - Sultan Zahidov
"Ermənistanda bəzi radikal kəsimlər fəallaşaraq Azərbaycanın Ermənistana yönəlik sülh təşəbbüsləri çərçivəsində atdığı addımlara qarşı çıxmağa və cəmiyyəti bu prosesə etiraz etməyə çağırırlar. Qeyd etmək lazımdır ki, dekabrın 18-də Azərbaycan tərəfindən Ermənistana 22 vaqon benzin ötürülməsi ölkəmizin sülh quruculuğuna və etimadın formalaşdırılmasına verdiyi növbəti mühüm töhfədir. Ermənistan tərəfi bu addımı yüksək qiymətləndirərək təqdir edib. Bu fakt bir daha göstərir ki, Azərbaycan təkcə benzin göndərməklə deyil, eyni zamanda Qazaxıstan və Rusiya taxılının öz ərazisi üzərindən tranzitinin təmin edilməsi ilə də Ermənistanla əlaqələrin normallaşdırılmasına real töhfələr verir. Vaşinqton bəyanatına əsaslanaraq Azərbaycan regionda mümkün qədər tez davamlı və dayanıqlı sülhün təmin olunmasında maraqlıdır. Bunun üçün isə təkcə siyasi bəyanatlar kifayət etmir, tərəflər arasında etimad quruculuğu tədbirləri, ticari-iqtisadi əlaqələr və digər siyasi təmaslar həyata keçirilməlidir. Azərbaycan bu prosesdə fəal mövqe nümayiş etdirir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Qeyd edək ki, Ermənistanda Azərbaycan mənşəli yanacaq satan “RAN Oil” yanacaqdoldurma məntəqələrinin boykot edilməsi ilə bağlı çağırışlar səslənib. Bu barədə “Ayakve” təşəbbüs qrupu vətəndaşlara müraciət edib. Müraciətdə Azərbaycan yanacağı satan yanacaqdoldurma məntəqələrinin boykot olunmasına çağırış edilib, həmçinin Ermənistanın təhlükəsizliyinə zərər verə biləcək proseslərdə iştirak etməmək tövsiyə olunub. Bəyanatda sürücülər “vətəndaş məsuliyyəti” nümayiş etdirməyə çağırılaraq sülh gündəliyinə inanmamağa səsləniblər. Xatırladaq ki, dekabrın 18-də SOCAR tərəfindən istehsal olunan Aİ-95 markalı 1220 ton benzin Gürcüstan ərazisi vasitəsilə 22 vaqonla Ermənistana göndərilib.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan daxilində, xüsusilə radikal müxalif qüvvələr bu prosesə qarşı çıxırlar.
"Onlardan biri də “Ayakve” təşəbbüs qrupudur. Xatırlatmaq lazımdır ki, bu qrup yarandığı vaxt əsas məqsədlərindən biri kimi Qarabağın Azərbaycan ərazisi kimi tanınmasını kriminal məsələ kimi təqdim etməyə çalışıb. Aydındır ki, bu qrup radikal erməni ideologiyasına söykənən və Azərbaycan–Ermənistan sülh prosesinə açıq şəkildə qarşı çıxan qüvvələrdən ibarətdir. “Ayakve”nin nümayəndələri tez-tez digər radikal millətçi partiya olan “Daşnaksütyun”un təmsilçiləri ilə görüşlər keçirir. Onların əsas məqsədi bir tərəfdən Paşinyan hakimiyyətinin mövqelərini zəiflətmək, digər tərəfdən isə Ermənistanı əvvəlki, reallıqla uzlaşmayan, revanşizm və millətçilik üzərində qurulmuş siyasi kursa geri qaytarmaqdır. Məhz bu səbəbdən də onlar cəmiyyətdə Azərbaycanın göndərdiyi benzinin boykot edilməsi kimi çağırışlar səsləndirirlər. Lakin Ermənistan daxilində bu qrupun kimlərə və hansı maraqlara xidmət etdiyini anlayan insanların sayı kifayət qədərdir. Buna görə də həmin təşəbbüs qrupunun öz məqsədlərinə nail olacağına inanmıram. Burada diqqət yetirilməli digər məqam bu qruplaşmanın kimlər tərəfindən dəstəklənməsidir. Xarici qüvvələrin rolu da istisna olunmamalıdır. Məlumdur ki, seçkilər ərəfəsində Ermənistanda müxtəlif xarici aktorlar aktivləşir və öz siyasi oyunlarını oynayırlar. Bu qüvvələr arasında həm Paşinyana qarşı olanlar, həm də onu dəstəkləyənlər mövcuddur. Bu baxımdan növbəti parlament seçkiləri Ermənistanın gələcək taleyi, eyni zamanda Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır. Əgər “Ayakve” kimi revanşist qrupların təmsil olunduğu siyasi qüvvələr hakimiyyətə gələrsə, bu, Azərbaycan–Ermənistan sülh prosesində ciddi ləngimələrə və regional sabitlik üçün təhlükələrə yol aça bilər. Bu isə ilk növbədə Ermənistan xalqının maraqlarına ziddir. Çünki Ermənistan bu gün qonşuları ilə sülh və dostluq münasibətləri qurmaq, iqtisadi təcriddən çıxmaq və inkişaf etmək istəyirsə, ilk növbədə sülh prosesinin irəliləməsinə və Vaşinqton bəyanatında təsbit olunan öhdəliklərin yerinə yetirilməsinə diqqət yetirməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az