- Siyasi müzakirə
- 21:50
- 2 060
“Avropa vahid mövqe sərgiləyə bilmir” - Azər Həsrət
"Azərbaycan Respublikası ikili standartlardan ən çox zərər çəkən dövlətlərdən biridir. Uzun illər ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış, bu prosesdə Rusiya yaxından iştirak etmiş və yardım göstərmişdir, lakin ədalətli yanaşma əldə etmək mümkün olmayıb. Məsələn, Kəlbəcərin işğalından sonra ABŞ Konqresi 907-ci düzəlişi qəbul edərək Azərbaycana sanksiyalar tətbiq etdi. Həmin düzəlişdə torpağı işğal olunan tərəf günahkar kimi göstərilmişdi. Bu, Azərbaycanda belə qənaətin formalaşmasına səbəb oldu: güclü olan haqlıdır. Eyni ikili standartlar Fələstin-İsrail məsələsində də müşahidə olunur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, İsrail-Fələstin münaqişəsi beynəlxalq münasibətlərdə ikili standartların bariz nümunəsi sayılır. Eyni hüquqi normalara baxmayaraq, böyük dövlətlərin siyasi və geosiyasi maraqları münaqişələrə fərqli yanaşmalarla nəticələnir. Bəzən işğal açıq şəkildə qınanır, bəzən isə “özünümüdafiə” adı altında qəbul edilir. İsrailin Qəzzadakı hərəkətlərinə beynəlxalq reaksiyalar da bu maraqların toqquşmasından təsirlənir. ABŞ əsasən İsrailə siyasi və hərbi dəstək verir, Avropa ölkələri isə humanitar aspektə diqqət çəkir, lakin vahid mövqe nümayiş etdirə bilmir. Nəticədə ədalət anlayışı beynəlxalq səviyyədə selektiv qalır.
Siyasi şərhçi bildirib ki, İsrail beynəlxalq arenada geniş təsir imkanlarına malikdir və xüsusilə ABŞ kimi aparıcı dövlətlər üzərindəki nüfuzu ona əlavə dəstək təmin edir.
"Nəticədə İsrail beynəlxalq ictimaiyyət tərəfindən güclü və haqlı kimi qəbul edilir. Ukrayna məsələsində də oxşar ikili yanaşmalar mövcuddur. Qərb Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Rusiyanın gücünü nəzərə almaq məcburiyyətindədir və buna görə də Ukraynaya dair birmənalı mövqe nümayiş etdirmək çətindir. Azərbaycan isə öz problemini həll edərkən güc amilini daha çox önəmli hesab edib və bu strategiya doğru addım sayılır. Dünyada ikili standartların olmamasına heç kim zəmanət verə bilməz. Belə bir vəziyyətdə ölkənin gücünü artırması vacibdir ki, lazım olanda ədaləti güc hesabına bərpa etmək mümkün olsun. Bu baxımdan, Fələstin məsələsində də “güclü haqlıdır” prinsipi özünü göstərir. Fələstin və digər İsrailə qarşı olan tərəflərin effektiv çıxış yolu daha da güclənmək və lazım gəldikdə İsrailə güc vasitəsilə yerini göstərməkdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az