"Paşinyan oğlunu Qarabağda qurban etmək istəmədi" "Paşinyan oğlunu Qarabağda qurban etmək istəmədi"

Ordumuzun təlimləri Paşinyanın oğlunu qorxutdu, Qarabağdan qaçdı!

"Paşinyan oğlunu Qarabağda qurban etmək istəmədi"

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Yerevandan 7 kilometr aralıda yerləşən Sovetaşen hərbi hissəsinə köçürülüb.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli AzNews.az-a açıqlamasında bildirib ki, Paşinyanın oğlunun Qarabağa əsgərliyə göndərilməsi, yaxud da ordan geri qaytarılması vahid məsələnin fərqli komponentləridir.

"Layt inqilab"la hakimiyyətə gəlmiş Paşinyan bir il əvvəl Qərbdəki erməni icmasının da ciddi dəstəyini aldı. Onun birinci vəzifəsi İrəvanda hakimiyyətə gəlmək idisə, ikinci və daha vacibi Dağlıq Qarabağ klanının da gücünü həm İrəvanda, həm Qarabağda sarsıdaraq, hakimiyyəti vahid əldə saxlamaq idi. Şübhəsiz ki, Qərb və Rusiya arasında gedən qarşıdurmanın icra edildiyi məkan kimi Ermənistan bu reallıqları da görməli idi. İlk addım kimi, Paşinyanın oğlunu Qarabağa əsgər göndərməsi həm orda onun siyasi gücünün istənilən faktordan daha önəmli olacağının mesajı idi. İkincisi, o, keçmiş və rusiyayönümlü qüvvələrlə hesablaşmağa başlaması da bunun davamı idi ki, ardınca da terrorçu və quldur Köçəryan həbs edildi. Amma bunların davamı gəlmədi. Çünki keçən müddətdə inqilabın eyforiyası azaldı, Paşinyanın texniki addımları artıq süni tona döndü".

Şərhçi İrəvanda hadisələrin inkişaf etdiyini və ziddiyətlərin kuliminasiya nöqtəsinə "ikinci aprel müharibəsi" ilə çata biləcəyini deyib:

"Üstəgəl, Azərbaycana yönəlik sələflərindən daha diletant davranmağa başladı. Rusiyanı daha da narazı saldı. Köçəryanı həbsdə saxlaya bilməyib, Qarabağ klanı qarşısında da zəif duruma düşdü. İndi orda yaşananları biz 20 il əvvəl görmüşük, mərkəzi hakim güc çat verir, xarici güclərin diqtəsi artır, Azərbaycan tərəfi birbaşa güc nümayişinə keçir. Qanuni torpaqlarının azadlığı üçün hər an antiterror əməliyyatlarına başlaya biləcəyinə işarə vurur. Bütün bunlar onu deməyə əsas verir ki, İrəvanda hadisələr inkişaf edir və ziddiyyətlər kulminasiya nöqtəsinə “ikinci aprel müharibəsi” ilə çata bilər".

Ə.Əlibəyli sözlərinə belə davam edib:

"Bu cür ab-havada Paşinyan oğlunu Qarabağda qurban etmək istəmədi. Bu, təkcə adi yerdəyişmə deyil, Nikolun boğulmağa başladığının işarəsidir. Daha dəqiqini desək, ordumuzun təlimləri Paşinyanın oğlunu qorxutdu və o, Qarabağdan qaçdı".

Pərvanə Ağazadə

AzNews.az