Bu, yeni beynəlxalq tranzit dəhlizi meydana gətirir Bu, yeni beynəlxalq tranzit dəhlizi meydana gətirir

"Qarabağda çəkiləcək yeni marşrutların perspektiv əhəmiyyəti böyük olacaq"

Bu, yeni beynəlxalq tranzit dəhlizi meydana gətirir

“Azərbaycan ərazilərinin işğaldan azad olunması regionda yeni reallıq yaradıb. Bu yeni reallığın perspektivləri nəinki, Azərbaycan və Ermənistan üçün, həm də regionun bütün ölkələri üçün, o cümlədən Asiyanı Avropaya birləşdirəcək açılacaq yeni tranzit kommunikasiyalardan yararlana biləcək bütün ölkələr üçün böyük əhəmiyyət daşıyır”.

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, kommunikasiyaların açılması dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatlarda öz əksini tapıb: “Hətta 11 yanvarda Moskvada imzalnmış 4 maddədən ibarət üçtərəfli bəyanat əsasən ancaq kommunikasiyaların tez bir zamanda açılmasına hesablanıb. Açılışı nəzərdə tutulmuş və Rusiya sülhməramlıları tərəfindən daşınmaların təhlükəsizliyinə təminat veriləcək Mehri dəhlizi Azərbaycanı Naxçıvanla quru yolla birləşdirəcək. Bu da Naxçıvanın 30 illik blokadasına son qoyulması deməkdir. Naxçıvana quru yolumuzun açılması Türkiyəyə birbaşa quru yolla ölkəmizi birləşdirəcək və bu, yeni beynəlxalq tranzit dəhlizi meydana gətirir”.

Deputatın sözlərinə görə, Mehri dəhlizi ilə beynəlxalq daşınmaların reallaşdırılması mövcud beynəlxalq nəqliyyat marşrutlarından zamana qənaət olunmasına imkan verməklə daha rentabelli edir: “Bu baxımdan azad olunmuş ərazilərdən çəkiləcək yeni marşrutların perspektiv əhəmiyyəti daha böyük olacaq. O cümlədən, Ermənistan özünün sərsəm iddialarından əl çəkərək səmimi qonşu kimi apararsa, o da bizim kommunikasiyalara birləşəcək, Rusiya və Türkiyə ilə də nəqliyyat mübadiləsi imkanını əldə etməklə nəqliyyat blokadsından çıxmış olacaqdır.

Sonda qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərimizdən çəkilən yeni marşrut xətləri sülhü və əməkdaşlığını gücləndirməklə region ölkələrinin iqtisadi inkişafında yeni mərhələ açacaqdır”.

Səidə

AzNews.az