Arzuxan Əlizadə: “Ermənilər Zəngəzur dəhlizinin açılacağı və 1920-ci il xəritələri ilə ciddi ərazi itkiləri verəcəklərinin fərqindədirlər" Arzuxan Əlizadə: “Ermənilər Zəngəzur dəhlizinin açılacağı və 1920-ci il xəritələri ilə ciddi ərazi itkiləri verəcəklərinin fərqindədirlər"

Əliyev və Paşinyanın Moskva görüşü nə vəd edir?

Arzuxan Əlizadə: “Ermənilər Zəngəzur dəhlizinin açılacağı və 1920-ci il xəritələri ilə ciddi ərazi itkiləri verəcəklərinin fərqindədirlər"

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvada görüşü gözlənilir.

Mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirib ki, mətbuatda noyabrın birinci ongünlüyündə Moskvada Azərbaycan və Ermənistan Prezidentləri arasında görüşün keçiriləcəyi və konkret məsələləri özündə ehtiva edən müqavilənin bağlanacağı ilə əlaqəli xəbərlər verilməkdədir.

“Amma nə Azərbaycan, nə erməni, nə də Rusiya rəsmiləri bu xəbərlə bağlı təsdiqedici mövqe açıqlayıblar. Yalnız Ermənistan XİN-in sözçüsü qeyri-müəyyən formada belə görüşün keçirilməsinin hələ ki rəsmiləşmədiyini bildirib. İstənilən halda xəbər ciddiyə alınıb. Hər iki ölkədə bu görüş və orada imzalanacağı gözlənilən sənəd barədə müxtəlif versiyalar irəli sürülməkdədir. İlkin görüntü də budur ki, erməni tərəfində ciddi narahatlıqlar var. Ermənistan müxalifəti artıq etiraz mitinqlərinə və N.Paşinyan hakimiyyətinə qarşı müqavimətə start verib. Əslində ermənilərin narahatlığı da əbəs deyil", - deyə partiya sədri əlavə edib.

A. Əlizadə qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin “Valday” sammitində erməniləri ciddi narahat edən bir sıra açıqlamalar verib: “Zəngəzur dəhlizi, sərhədlərin 1920-ci il xəritələrinə müvafiq olaraq demarkasiya və delimitasiyası ilə bağlı deyilənlər erməniləri təşvişə salıb. Ermənilər Zəngəzur dəhlizinin açılacağı və 1920-ci il xəritələri ilə ciddi ərazi itkiləri verəcəklərinin fərqindədirlər".

Partiya sədri sözlərinə görə, ermənilər Azərbaycanın sülh müqaviləsinin yalnız ərazilərimizin tanınması şərti ilə reallaşacağı təqdirdə qondarma Artsax xülyalarının sabun köpüyü kimi dağılacağını da başa düşürlər.

"Ancaq istənilən halda qalib tərəf olaraq Azərbaycanın haqlı mövqeyinin və şərtlərinin reallaşacağı qaçılmazdır", - o deyib.

Şəbnəm Zahir