Sülh danışıqları və atəşkəs pozuntuları: "Onlar əmri xaricdən alır" - ŞƏRH

Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqların intensivləşdiyi dövrdə bir sıra hadisələr qarşı tərəfə etimadı azaldır. Bunlardan biri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin atəşkəsin Ermənistan tərəfindən pozulması ilə bağlı yaydığı məlumatlardır. Bu kimi hallar sülh müqaviləsinin imzalanması, iki ölkə arasında münasibətlərin stabilləşməsində Ermənistanın maraqlı olmamasını göstərir. Burada maraqlı olan məqamlardan biri, bəlkə də birincisi odur ki, sərhəddəki təxribatları Ermənistanda hansı qüvvələr həyata keçirir?

AzNews.az-a mövzu ilə bağlı açıqlamasında politoloq Turab Rzayev bildirib ki, təxribatı törədənlər arasında fərqli qüvvələr var. Bu hadisə bir neçə istiqamətdə araşdırıla bilər:

"Ermənistan ordusu daxilində ölkəni 30 il ərzində korrupsiya və rüşvətxorluqla idarə etmiş Qarabağ klanının hələ də güclü nümayəndələri var və təhlükəsizlik orqanlarında, xüsusilə orduda hələ də bunlar güclüdürlər. Digər qurumlarda da, Daxili İşlər Nazirliyində, Dövlət Təhlükəsizlik Xidmətində hələ də onarın kadrları qorunub saxlanılır. Onlar vaxtaşırı olaraq bu cür təxribatlar edə bilərlər. Burda isə səbəb Paşinyan hakimiyyətini zəiflətmək, diversiya törətmək və bu yolla öz mənsub olduqları klana yəni Sarkisyana, Köçəryana və digər rəhbər şəxslərə öz sədaqətlərini göstərməkdir".

Politoloq qeyd edib ki, Qarabağ klanının Rusiyaya bağlı olduğunu, Köçəryanın bir zamanlar Putinin şirkətində idarə heyətinin üzvü olduğunu, Paşinyanın həbs etdirməsindən sonra Köçəryanı və Xaçaturyanı həbsdən çıxartdırmasını nəzərə alsaq, Rusiyanın göstərişi ilə də bu cür addımlar atıla bilər:

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtoda görüşməli idi, sərhəddə təxribat oldu və Ermənistan xarici işlər naziri Vaşinqtondan yarımçıq geri qayıtdı. O zaman Paşinyan açıq şəkildə dedi ki, Ali Baş Komandan mənəm, amma mən belə göstəriş verməmişəm. Bu da onu göstərir ki, onlar əmri xaricdən alırlar. Daha maraqlı bir fakt deyim ki, xatırlayırsınızsa, Tovuzda iyul döyüşləri zamanı cəbhənin qarşı tərəfində, general Polad Həşimovun və digər hərbçilərimizin şəhid olmasına səbəb olan şəxs Paşinyanın həbs etdirdiyi Xaçaturyanın oğlu idi. Ona görə də bu, Qarabağ klanının öz fəaliyyəti də ola bilər, Rusiya tərəfindən verilmiş göstəriş də ola bilər. Onsuz da Qarabağ klanı ilə Rusiyanın maraqları üst-üstə düşür".

T.Rzayev sonda baş verənlərin sadəcə orduda müəyyən öz fəaliyyət ola biləcəyini də istisna etməyib:

“Əsgərlər cəbhə xəttində silahlıdır. Yəni təxribatlar hansısa bölüyün və ya əsgərlərin öz fəaliyyəti də ola bilər. Mərkəzi hakimiyyət də danışıqlarda hansısa dalana dirənsə, bu cür atışmalar və digər yollarla gündəmi uzatmağa çalışa bilər. Son dövrdə Paşinyanın Ərdoğanın andiçmə mərasiminə qatılması, Azərbaycanı Qarabağla bağlı ərazi bütövlüyünü tanımağa çağırması kimi hadisələr isə onu göstərir ki, bu, Qarabağ klanının yaxud da Rusiya dövlətinin təşviqi ilə həyata keçmiş bir hadisədir”.

Rəşid Qarayev