- Redaktor masası
- 13:59
- 1 258
Aralı dur, Saral!
1990-cı illərin səsi hələ də qulağımızdadır.
Vertolyot səsidir 1990-ların səsi.
Sonra tədricən helikopter dedik o səsin sahibinə.
Amma səs özü dəyişmədi.
Rusiya silahları ilə hər gün arsenalını yenidən komplektləşdirən Ermənistan Qarabağdan soydaşlarımızı didərgin salırdı. Onları təxliyyə edən helikopterlər qəzəblə uğuldayırdı. Kəlbəcər sakinlərini köçürmək üçün daha bir neçə helikopterə ehtiyac vardı. Azərbaycan prezidenti Əbülfəz Elçibəy Türkiyə rəsmilərinə ağız açdı. Azərbaycanın yardımına iki mülki helikopter göndərmədilər.
Türkiyədən Azərbaycana göndərilməyən helikopterlərin uğultusu da qulağımızdadır.
Sonra “Əsrin müqaviləsi”ni imzaladıq. Neft satışından Azərbaycana petro-dollarlar gəldi. Bir el deyimi ilə ifadə etsəm, əkəndə və biçəndə yanımızda görmədiyimiz Türkiyəlilər yeyəndə ortaq qardaşımıza çevrildi.
Nə qədər sərmayələri var Azərbaycanda?
Azərbaycanın Türkiyəyə qoyduğu yatırımdan daha az!
İndi “yeyəndə ortaq qardaşlarımız”ımızın Cümhur başqanının baş müşaviri Oktay Saral Azərbaycana nəsihət verir, yol göstərir, hətta mən deyərdim hədə-qorxu gəlir.
Azərbaycana hədə-qorxu gələn biri də vardı Çeçenistanda, o gün Bakıya özü gəldi. Prezidentimiz İlham Əliyevin qarşısında dostluq mesajı verib getdi. Dövlətimiz öz ədəbini ən yüksək səviyyədə nümayiş etdirdi.
Oktay Saralın açıqlaması ədəbsizlikdir, dövlət tərbiyəsizliyidir.
Belə vəziyyətlərdə biz tərəflərdə “xoruzun quyruğu görsəndi” deyirlər.
Müxtəlif mərhələlərdə Türkiyədə Azərbaycana, Azərbaycanın dövlət başçısına qarşı aparılan qarayaxma kampaniyasının hansı mərkəzdən, hansı zehniyyətdən qaynaqlandığı bəlli oldu.
Konstitusiyamızın 7-ci maddəsinin II bəndində yazılıb:
“Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır”.
Azərbaycan Respublikasının istər daxili hüququ, istərsə də qoşulduğu insan haqları ilə bağlı beynəlxalq konensiyalar ölkəmizin təhsil sisteminin dünyəviliyi qorumaq üçün tənzimləmələr həyata keçirməyə imkan verir.
Heç bir Saral, heç bir Maral, heç bir Türkiyə Azərbaycanın iç işlərinə müdaxilə edə, müstəqil daxili və xarici siyasət yürütmək suverenliyini məhdudlaşdıra bilməz.
Azərbaycanda heç bir vətəndaşın hicab hüququ pozulmayıb, insan haqqı sual altına düşməyib. Əgər pozulsaydı belə, hər bir Azərbaycan vətəndaşının öz haqqını qorumaq üçün hüquqi mexanizmlər var. Məhkəmə var! Avropa İnsan Haqları Məhkəməsi də var. AİHM-də “Leyla Şahin Türkiyə qarşı” bir işə baxılıb. AİHM qərarına görə, sekulyar bir dövlət təhsil sistemi ilə bağlı vahid geyim standartları müəyyən etmək ixtiyarına sahibdir.
Gözünü Azərbaycana bərəltmək əvəzinə, get “Leyla Şahin Türkiyə qarşı” işini oxu, Oqtay Saral.
Sekulyar Türkiyəni bu zəka ilə, bu zehniyyətlə bataqlığa dartdınız, get, öz ölkənin dərdini çək.
Biz nə zaman Türkiyəni özümüzə qəyyum təyin etmişik?
Biz nə zaman Azərbaycanı Türkiyənin ideoloji hinterlandı elan etmişik?
Bizim öz tarixi inkişaf dinamikamız, dövlətçilik ənənəmiz, konstitusion quruluşumuz və milli maraqlarımız var. Ankara ilə Bakı arasında strateji müttəfiqlik o demək deyil ki, bizim hüquq və azadlıqlarımıza, ideoloji doktrinalarımıza Türkiyə müdaxilə edə bilər.
Ümumiyyətlə, gəlin bir düşünək.
Azərbaycan yenidən müstəqillik qazandıqdan bəri Türkiyədən hansı ideologiyalar ixrac olunub ölkəmizə?
Fətullah Gülən və onun kimi təriqətlər ölkəmizin sekulyar düşüncə sisteminə ən ağır zərbələr vurublar. İndi də Türkiyədəki daxili siyasi qütbləşməni, dini-siyasi qarşıdurmaları və ideoloji mübahisələri Azərbaycan ictimai məkanına daşımaq istəyirlər.
Məmləkətimizin Ərdoğanı olmaq iddiasına düşənlər efirə çıxıb “Azərbaycan Türkiyənin orbitində olmalıdır” deyə ölkənin suverenliyinə qarşı ideoloji iş aparır.
Azərbaycan heç kimin orbitində olmayacaq.
Azərbaycanın heç bir geopolitik orbitə ehtiyacı yoxdur.
“Osmanlı Dövlətləri Birliyi” şərti adı ilə Türkiyənin neo-imperial siyasətini harada istəyirlərsə, aparsınlar.
Amma bu müstəvidə Bakıya gözlərinin ucu ilə də baxmasınlar!
Bu arada Nuru paşa Bakını daşnak-erməni işğalından elə azad elədi, belə qurtardı propoqandasının şitini də çox çıxarmayın.
Əvvəla, Bakının azad edilməsi hərəkatının siyasi rəhbəri Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyski idi.
İkincisi, Bakı üzərinə yürüyən qoşunların təxminən yarısı Azərbaycanlılar idi.
Üçüncüsü, Bakı “Sentrokaspi” diktaturasından və erməni-bolşevik silahlı dəstələrindən təmizlənsə də, Nuru paşanın əsgərləri tərəfindən yağmalanmış, qarət edilmişdi.
Taleh ŞAHSUVARLI