ABŞ və Avropa Ukrayna münaqişəsinin həlli üçün dörd bəndlik plan hazırlayır

ABŞ və Avropa Ukrayna münaqişəsinin həlli üçün dörd bənddən ibarət təklif üzərində işləyir.

“The Washington Post” qəzetinin köşə yazarı Devid İqnatius bu barədə mənbələrə istinadən məlumat verib.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton və Brüssel ərazi məsələsinin həlli üçün baza kimi Ukrayna və Rusiyaya iqtisadi və təhlükəsizlik üstünlükləri qazandıracaq birgə sülh təklifinin hazırlanması istiqamətində irəliləyirlər. ABŞ rəsmilərindən biri paketə dörd əsas komponentin daxil olacağını bildirib. Bunlardan biri Rusiyanın Avropa ilə regionda sabitliyi bərpa edəcək iqtisadi və təhlükəsizlik sazişi bağlaması təklifidir.

İqnatiusun sözlərinə görə, Ukraynanın bərpası planın birinci istiqamətini təşkil edəcək. O əlavə edib ki, danışıqlar aparan tərəflər Kiyevdən bərpa xərclərinin ətraflı hesablamalarını təqdim etməyi istəyiblər.

Ukrayna və Rusiya üçün təhlükəsizlik təminatları ikinci əsas komponent olacaq. Bununla belə, Moskva üçün hansı təhlükəsizlik mexanizmlərinin təklif ediləcəyi hələlik məlum deyil.

“Üçüncü istiqamət enerji sazişi vasitəsilə Rusiya, Ukrayna və Avropanın iqtisadi inteqrasiyası olacaq. Variantlardan biri Rusiya neft və qazını Avropaya çatdıran boru kəmərinin fəaliyyəti və gəlirlərin Ukrayna ilə Rusiya arasında bölüşdürülməsi ola bilər”, – deyə köşə yazarı qeyd edib.

Təklif, həmçinin Rusiyanın Avropa enerji bazarına uzunmüddətli çıxışını nəzərdə tutacaq və iqtisadi sanksiyaların hansı vaxtda aradan qaldırılacağını müəyyənləşdirəcək.

Sazişin dördüncü və sonuncu komponenti isə mövcud cəbhə xətti boyunca atəşkəsin elan edilməsi olacaq.

“The Washington Post” qəzetinin məlumatına görə, planla bağlı “diplomatik təşəbbüs” ABŞ, Avropa və Ukrayna nümayəndələrinin Floridada keçirilən son görüşündə irəli sürülüb.

Mövsüm,

AzNews.az