Cənubi Koreyada supermarketdə bıçaqlı hücum: səkkiz nəfər yaralanıb

Cənubi Koreyada böyük supermarketlərdən birində baş verən bıçaqlı hücum nəticəsində səkkiz nəfər yaralanıb.

Bu barədə “Khan.co.kr” nəşri məlumat yayıb.

“İnçxon şəhərindəki böyük supermarketdə təxminən 60 yaşlı kişi silahdan istifadə edərək səkkiz nəfəri yaralayıb”, – deyə nəşrin məlumatında bildirilir.

Təcili xidmətlərin məlumatına görə, İnçxon şəhərinin Namdonqu rayonunda supermarketin yemək zonasında bir kişinin insanlara bıçaqla hücum etməsi barədə polisə məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində bıçaqla hədələyici hərəkətlər edən şəxsi saxlayıblar. O, polis gələnədək supermarketin ziyarətçiləri tərəfindən zərərsizləşdirilib.

Dəqiqləşdirilmiş məlumata əsasən, hücum nəticəsində səkkiz nəfər xəsarət alıb. Onlardan biri ürək dayanması vəziyyətində xəstəxanaya çatdırılıb.

Polis hücum edən şəxsin çantasında başqa növ silahlardan da xeyli sayda aşkar edib. Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.

Mövsüm,

AzNews.az