- Redaktor masası
- 17:33
- 890
Azərbaycan ideoloji məkanı Türkiyənin "5-ci kolon"undan nə zaman təmizlənəcək?
1920-ci ildə Azərbaycanda Türk Kommunist Partiyası fəaliyyət göstərirdi. Anadoludan Azərbaycana ezam edilmiş, Marksdan, Engelsdən, Lenində üç sətir oxumamış Osmanlı zabitləri Azərbaycan Xalq Cümhuriyyətini bolşevik işğalına hazırlayırdı.
Bəs, bu gün necə, Türkiyənin Azərbaycanda “5-ci kolon”u yoxdurmu?
Əlbəttə, var.
Ölkəmizdə bir sıra partiyalar, qeyri-hökumət təşkilatları, AMEA əməkdaşları, media rəhbərləri var ki, birbaşa Türkiyənin neo- imperial maraqlarının sözçülüyünü edirlər.
İmişlidə Saleh Səmədov adlı bir “ağsaqqal” vardı. Sinəsinə rus imperiyasının rəmzi olan “Georgi lenti” ortalıqda dolaşırdı. İndi, deyəsən, həbsxanadadır.
Taleh Bağırzadə “Müsəlman qardaşları” Birliyi yaratmış, gedib Tehranda ağalarının əlini öpmüşdü. O da azadlıqdan məhrum edilib.
Rusiyanın, İranın neo-imperial maraqlarını müdafiə edənlər cəmiyyətimiz, dövlətimiz, müstəqilliyimiz üçün təhlükəli olduğu kimi, Türkiyənin şərti adı “Osmanlı Dövlətlər Birliyi” ola biləcək yayılmaçı siyasətini dəstəkləyənlər, Ankarının təsir agenti kimi çıxış edənlər də risklidir.
Sadəcə, son bir ildə baş verən hadisələrə bir daha nəzər yetirək.
ABŞ-İran savaşı başlayar-başlamaz Azərbaycanda çox güclü bir anti-İsrail propoqandası aparıldı. Bir qismi İranpərəstlər, bir qismi Rusiyapərəstlər idi. Amma “sionizm” deyəndə ağzı köpüklənənlərin ən önəmli kontingenti məhz Türkiyənin təsir agentləri idi. Burada söhbət nə İsraildən, nə sionizmdən gedir. Söhbət ondan gedir ki, Yəmən təcrübəsinə əsasən, Husilər kimi irticaçı qüvvələr əvvəlcə sivil platformada yaranır, sonra anti-amerikan, anti-sionist çıxışlarla radikallaşırlar. İlin əvvəlindən bəri Azərbaycanda aparılan bütün anti-amerikan, anti-sionist təbliğat məhz xaricdən idarə olunan dindar qruplarını radikallaşdırmağa, dövlətlə üz-üzə qoymağa xidmət edirdi. Bu günlərdə məhz həmin ssenarinin simptomlarını müşahidə edirik.
Azərbaycan yenidən dövlət müstəqilliyi qazandıqdan bəri Türkiyədən ölkəmizə təriqətlər, qeyri-ənənəvi cərəyanlar ixrac olunub. Onların ən mütəşəkkili Fətullah Gülən camaatı idi. Azərbaycanın təhsil sisteminin işğal edən bu çətə bu gün də həm Türkiyədə, həm də Azərbaycanda güclüdür. Çox böyük ehtimalla, Ankarada hakim dairələrlə dil taparaq anti-Azərbaycan fəaliyyətlərini hələ də yürüdürlər. Sadəcə onlar deyil, Mənzil, Süleyman, Ərənköy camaatı kimi dini qruplar eynilə Adnan Oktarın “kedicik”ləri kimi ölkəmizdə saman altından su yeridirlər.
Osmanlı öz taxt ənənələrinə görə, Türkiyəyə qardaşlıq ruhu miras qoymayıb. İllərdir özümüzü aldadırıq. Neo-imperial Türkiyə üçün Azərbaycan qardaş deyil, yağlı tikədir. 1995-ci ildə iki il öncəki hərbi-siyasi böhrandan təzəcə başı ayılmış Azərbaycanda bir-iki barel neft üçün hansı hoqqalar törətdiklərini gördük. “Sürix protokolları”nın imzalanması prosesində Azərbaycanın Qarabağ dərdinə necə yandıqlarını da yaxşı xatırlayırıq. Amma bütün bunlardan daha təhlükəli olan Qara bəy Qarabəyovun “İttihadçı” konsepsiyasını Türkiyənin Azərbaycana yenidən sırımasıdır. Azərbaycanın istiqlal məfkurəsi üçün Əliheydər Qarayev və Qara bəy Qarabəyov eyni paradiqmadır.
Bu gün Qarabəyovun davamçısı olan və Azərbaycançılığı “Heydərizmin uydurması” adlandıran AMEA əməkdaşları var.
Elə bu günlərdə efirə çıxıb “Azərbaycan Türkiyənin orbitində olmalıdır” deyə suverenliyimizə qarşı ideoloji təxribat məzmunlu açıqlama verən partiya sədrləri mövcuddur.
Youtube kanallarında tez-tez Azərbaycançılıq məfkurəsinin daşıyıcılarının ünvanına şər-böhtan səsləndirənlərin istər yazılı, istərsə də şifahi çıxışlarında dövlət dilimizinin normalarını alt-üst etməsi gözdən qaçmır.
1995-ci ildə Konstitusiyamız qəbul edildikdən bəri elə il olmayıb ki, bir neçə dəfə Azərbaycan dilinin hüquqi statusuna qarşı təbliğat aparılmasın. Rusiya prezidenti Putinin Ukrayna əleyhinə yazdığı məşhur məqalənin bütün tezisləri Ankaradan Azərbaycana təhdid kimi sovrulur. Unikal milli kimliyimizi, tarixi inkişaf dialektikamızın nailiyyətlərini, hətta Qarabağ zəfərimizi əlimizdən almaq üçün Azərbaycana qarşı informasiya kampaniyaları təşkil olunur. 2020-ci ildə Qarabağ savaşında Silahlı Qüvvələrimizin istifadə etdiyi silahların heç 3 %-i Türkiyədən alınmayıb. Bu silahlarla Cəbrayılın heç 3 kəndini azad etmək olmazdı. Qarabağda bircə nəfər də olsun Türkiyə vətəndaşı şəhid olmayıb, yaralanmayıb. Elə Qarabağ alan idinizsə, 30 il boyunca harada idiniz?
Azərbaycan Prezidenti İlham Əliyevin YAP-ın son qurultayında qarşıya qoyduğu “ideoloji məkanımız təmizlənməlidir” vəzifəsi milli təhlükəsizlik çağırışıdır.
Azərbaycan Rusiyanın, İranın, Qərbin “5-ci kolon”larının fəaliyyətinin qarşısını qətiyyətlə aldığı kimi, Türkiyənin ideoloji sapıqları barədə də tədbirlər görməlidir. Şiəliyin İran tərəfindən istismar olunması ilə, türkçülüyün Türkiyə tərəfindən Osmanlı propoqandasına alət edilməsi arasında heç bir məzmun fərqi yoxdur. İkisi də Azərbaycana qarşıdır!
Azərbaycan öz ideoloji məkanını bütün yad tör-töküntülərdən təmizləməlidir!
Taleh ŞAHSUVARLI