- Müşahidə məntəqəsi
- 16:30
- 883
"Forma uşaqlara məktəb mühitində özlərini daha rahat və təhlükəsiz hiss etməyə şərait yaradır" – Psixoloq
"Ümumiyyətlə, məktəbli formalarının şagirdlərə təsirindən danışırıqsa, müsbət təsirləri mənfi təsirlərindən daha çoxdur. Formanın ilk müsbət tərəfi məktəbdə müəyyən qaydalar əsasında formalaşan mühitin şagirdlərdə təhlükəsizlik hissi yaratmasıdır. Şagirdlər əvvəlcədən müəyyən edilmiş qaydaları bildikdə həmin mühitdə necə davranmalı olduqlarını daha yaxşı anlayırlar. Bu da onların özlərini daha rahat və təhlükəsiz hiss etmələrinə şərait yaradır. İkinci mühüm məqam sosial-iqtisadi fərqlərin ön plana çıxmasının qarşısının alınmasıdır. Şagirdlərin eyni formada olması onların ailələrinin maddi vəziyyətinə görə bir-birindən fərqləndirilməsini müəyyən qədər azaldır. Bu yanaşma şagirdlər arasında bərabər münasibətlərin formalaşmasına müsbət təsir göstərir. Digər tərəfdən, məktəbdə vahid qaydaların tətbiqi uşaqlarda ədalət hissini gücləndirir".
Bu fikirləri psixoloq Sibel Priyeva Aznews.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, məktəbli formasının şagirdlərin psixologiyasına və davranışlarına təsiri, eləcə də uşaqların sosial münasibətlərinin formalaşmasındakı rolu təhsil mühitində diqqət çəkən məsələlərdəndir. Vahid geyim qaydası şagirdlərin məktəb mühitinə uyğunlaşmasına, bir-biri ilə münasibətlərinə və kollektivə aidiyyət hissinə təsir göstərən amillərdən biri hesab olunur.
Psixoloq qeyd edib ki, hamının eyni geyim qaydasına əməl etməsi şagirdlərdə qaydalara bərabər yanaşılması düşüncəsini formalaşdırır.
"Bu, onların məktəbə və orada çalışan əməkdaşlara münasibətinə də təsir edir. Məktəbli forması, eyni zamanda, şagirdlərin məktəbə aidiyyət hissini gücləndirir. Uşaq formanı geyinməklə özünün şagird olduğunu dərk edir, məktəb mühitinin bir hissəsi kimi çıxış etdiyini anlayır və burada müəyyən məsuliyyət daşıdığını hiss edir. Bundan əlavə, məktəbli forması uşaqlarda məsuliyyət və özünənəzarət bacarıqlarının inkişafına da töhfə verir. Formanı geyinmək, məktəb qaydalarına əməl etmək və ev tapşırıqlarını yerinə yetirmək kimi gündəlik öhdəliklər uşaqların məsuliyyət hissinin formalaşmasına kömək edir. Bu amillər onların həm şəxsiyyət kimi inkişafında, həm də cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır".
Rəfiqə Namazəliyeva,
AzNews.az