Türkiyənin buna mənəvi haqqı varmı?

AKP-nin sədr müavini Kürşad Zorlu Türkiyə-Azərbaycan münasibətlərindən danışarkən ölkələrin bir-birini tənqid edə biləcəyini qeyd edib. Onun bu mesajından qısa zaman sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın baş müşaviri Oktay Saral X platformasında yazıb: “Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması qəbuledilməzdir!”

Ədliyyə naziri Akın Gürlek də daxil olmaqla çoxsaylı AKP təmsilçisi Oktay Saralın həddini aşan bu açıqlamasını tirajlayıblar. Oktay Saralın həddini aşan bu açıqlamasını Rəşid Hacılı çox doğru dəyərləndirib: “Meşədə çaqqal az idi. Biri də kamazla gəldi.”

Azərbaycanı tənqid edən belə çaqqalların sayı artacaq. Çünki, Azərbaycan dövləti İranın və ərəblərin ölkəmizə siyasi islam ixrac etməsinin qarşısını qətiyyətlə aldığı kimi, Türkiyədən uzanan çirkli əlləri də kəsmək niyyətini nümayiş etdirməyə başlayıb. Türkiyənin Azərbaycana siyasi islam, xüsusilə də terror şəbəkəsi “Müsəlman qardaşları”nı ixrac etməsinə qarşı son 4 ildə onlarla məqalə yazmışam, youtube çıxışımda dəfələrlə etiraz etmişəm. Təəssüf ki, xəbərdarlıqlarım dövlət tərəfindən vaxtında eşdilmədiyi kimi, cəmiyyətin bir hissəsi tərəfindən də Türkiyə əleyhinə çıxış kimi qəbul olunmuşdu.

Əslində, Azərbaycana yönəlik təhdidvari tənqid ilk olaraq Ərdoğan tərəfindən səsləndirilib. Ərdoğanın 23 sentyabda BMT kürsüsündən səsləndirdi -“Bəzi ölkələr tərəfindən məktəblərdə tətbiq edilən hicab qadağalarını qadınların ən fundamental hüquqlarına hücum kimi qiymətləndiririk.”-bəyanı qənaətimcə ilk olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” qərarına dəyişiklik edilməsini nəzərdə tutan 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarana qarşı yönəlmişdi.

Bu həmin Ərdoğandır ki, Türkiyə əhalisinin 20-25 faizini təmsil edən ələvilərin ibadət evləri olan Cemevlərinə həqarət edərək “cemevi cümbüş evi” deməyi özünə rəva bilir. Bu həmin Ərdoğandır ki, 24 illik hakimiyyəti dövründə partiyasından deputatlığa və bələdiyyə sədrliyinə bir nəfər də olsun ələvi şəxs namizəd göstərməyib. Türkiyə hökumətində bir nəfər ələvi nazir, dövlət idarəetməsində önəmli mövqelərdə bir nəfər də olsa ələvi şəxs yoxdur. Məzhəb fərqinə görə 17-20 milyon insana qarşı ayrı-seçkilik edən bir iqtidarın, ələvilərin evlərinin divarlarına işarət qoyan, qəbirlərini dağıdan, Osmanlıda ələvi qətliamlarına bəraət qazandıran toplumun öndərlərinin Azərbaycanı tənqid etməyə mənəvi haqqı yoxdur.

Azərbaycana siyasi islam, xüsusilə də terror şəbəkəsi “Müsəlman qardaşları”nın ixrac etməsi isə düşmənçilikdir. Qənaətimcə, Azərbaycan dövlətinin Nazirlər Kabinetinin 309 nömrəli Qərarı ilə dövlətimiz və ölkəmiz üçün ölümcül təhlükə olan “Müsəlman qardaşları”nın yurdumuzda güclənməsinin qarşısını almağa yönəlib. Əlbətdə, bu addım illər öncə atılmalıydı. Ancaq yenə gec deyil. Gec olmaması üçün bütün cəmiyyət dövlətin qərarlarına sahib çıxmalı, yurdumuzun siyasi islamın pəncəsinə düşməsinə imkan verməməlidir.

Xaqani CƏFƏRLİ