“Nurçu” təhlükəsi davam edir - Dövlət hərəkətə keçməlidir!

Qırmızı imperiyanın- SSRİ-nin dağılması ilə “Soyuq müharibə” başa çatsa da, müstəqillik qazanmış post-sovet ölkələri böyük ideoloji boşluğa yuvarlanmışdılar. Sosialist ideoloji sistem tənəzzülə uğramış, milli müstəqillik xaricində cəmiyyətləri yenidən təşkilatlandıran və birləşdirən ideyalar özünə sosial dayaqlar tapmamışdı.

Belə bir şəraitdə Azərbaycana dünyanın dörd bir yanından müxtəlif ideologiyalar ixrac olunmağa başlamışdı.

Qərb ölkələrinin müxtəlif fondları liberal dəyərlərin güclənməsinə və açıq cəmiyyət quruculuğuna dəstək adı altında Azərbaycanda özlərinə tərəfdar bazası yaratmaq üçün yüzmilyonlarla dollar xərclədilər.

Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrindən Azərbaycana ölkəmizdə heç zaman mövcud olmamış sələfilik cərəyanı ixrac olundu. Məhz bu cərəyanın radikallaşmış bir çox nümayəndələrinin səsi müəyyən müddətdən sonra müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən terror qruplarının tərkibindən gəldi. Hüquq-mühafizə orqanlarının keçirdiyi çoxsaylı əməliyyatlar çərçivəsində həmin cərəyanın radikal üzvlərinin Azərbaycanda planlaşdırdığı neçə-neçə təxribatın qarşısı alındı.

Daha bir təhlükəli “Qum fırtınası”nı ölkəmizdə İran qoparmaq istəyirdi. Azərbaycan əhalisinin əksəriyyətinin daşıyıcısı olduğu ənənəvi etiqadı istismar edən İran mollaları ölkəmizdə teokratik rejim qurmaq üçün nəinki ayrı-ayrı icmalar yaradır, bəzən bütöv bir kəndi ideoloji təsir altında saxlayırdı.

Bunların heç birindən az təhlükəli olmayan başqa bir ideoloji diversiyanın mənbəyi Türkiyə idi. Türkiyədən gələn missonerlər bir tərəfdən Azərbaycanda etnik kimliyə dönüş prosesini öz ideoloji çətiri altında saxlamaq istəyir, digər tərəfdən isə, tarixən mövcud olmuş icmaların etiqadını yenidən şəkilləndirməyə can atırdılar.

Bu baxımdan Azərbaycana və təkcə Azərbaycana yox, həm də Orta Asiyadakı türk respublikalarına daha sistemli şəkildə daxil olan şəbəkə Türkiyədəki “Nurçular” idi. Bu şəbəkə, hər yerdə olduğu kimi, Azərbaycanda da ticarət zəncirləri qurur, media quruluşları yaradır, təhsil sistemini kontrol altına almağa çalışır, kurslar təşkil edir, liseylər və dərnəklər quraraq bəlli bir müddət sonra hakimiyyəti ələ keçirmək üçün “qızıl nəsil” yetişdirmək planı ilə hərəkət edirdi.

“Nurçu”ların ideoloji lideri, məlum olduğu kimi, Səid Nursidir. O, hələ həyatda olduğu dövrdə- 1955-ci ildə tərəfdarları arasında “Yazıçılar” və “Oxucular” adlı iki qrup meydana çıxmışdı. Bu gün adı Azərbaycan cəmiyyətində yetərincə tanış olan Fətullah Gülən “Oxucu” qanadından çıxmış və öz şəbəkəsini qurmuşdu.

Fətullah Gülən şəbəkəsinə Türkiyə də daxil olmaqla 50-dən çox ölkədə açılmış 500-dən çox kurs, lisey və universitet, on minlərlə şagird və minlərlə müəllim heyəti daxil idi. Həm öz vətənlərində, həm də ayaq basdıqları bütün ölkələrdə rəsmi təhsil sisteminə paralel olaraq formalaşdırılan “Nurçu məktəblər”, əslində, uzunmüddətli siyasi məqsədlərə xidmət edirdi.

Elə Türkiyənin öz təcrübəsindən görürük ki, “Gülən camaatı” təkcə dini ideologiyaya xidmət edən məktəblər zənciri qurmamış, maliyyə piramidaları yaratmış, öz müridlərini mediaya, polisə, orduya, prokurorluğa, məhkəmə sisteminə yerləşdirmiş, partiyaların rəhbər kadrları arasına salmış, deputatlar seçdirmiş, nazirlər təyin etdirmişdi.

Bütün bunlar kulminasiya nöqtəsinə Türkiyədə Ədalət və İnkişaf Partiyasının dövründə çatmışdı. Heç kimə sirr deyil ki, AKP-nin iqtidara gəlməsində və hakimiyyətdə olduğu ilk zamanlarda Fətullah Gülən hazırkı Türkiyə iqtidarının əsas dayağı idi. Lakin bəlli bir müddət sonra Gülən şəbəkəsi hakimiyyətə “ortaq” olmaqla razılaşmadı və 2016-cı ildə dövlət çevrilişi etməyə cəhd göstərdi. Bu olaydan sonra Türkiyədə, elə Azərbaycanda da “Nurçu”lar barədə bir sıra tədbirlər görüldü. Lakin həmin şəbəkəyə yetərincə bələd olanlar hesab edir ki, Fətullah Gülən simpatizanları və digər “Nurçu” qruplar istər Türkiyədə, istərsə də Azərbaycanda hələ də yetərincə güclüdür.

Araşdırmaçıların birmənalı mövqeyinə görə, “Nurçuluq sistemi”nin əsas məqsədi xilafəti bərpa etmək, sekulyar sistem və qanunları ortadan qaldırmaq, ərəb qrafikasına qayıtmaq, millətçi və demokratik cərəyanları sıxışdırmaq, müasir geyim tərzini ləğv etmək, istirahət gününü şənbə və bazardan cümə gününə salmaq, hicri təqviminə keçmək, modernizmin bütün təzahürlərini sıradan çıxarmaqdır. Səid Nursinin Türkiyə Cümhuriyyəti ilə konfliktlərinin əsasında məhz bu mürtəce qayələr dayanırdı. Hazırda Türkiyənin hakim partiyasının sıralarında bu “amal”ları mənimsəmiş çoxsayda hücrə var. Azərbaycan və Türkiyə arasında ziddiyyətlərin kökündə də məhz bu kəskin düşüncə fərqləri dayanır.

İndi əsas sual budur: Səudiyyə Ərəbistanı, yaxud İran mənşəli dini-ideoloji qruplar Azərbaycanda dünyəvi dövlət modelini təhdid edəndə görülən tədbirlər eyni şəriətçi məzmuna malik Türkiyənin “5-ci kolon”larına qarşı niyə həyata keçirilməməli, “Nurçular”ın əl-ayağı ölkəmizdə nədən tam yığışdırılmamalıdır?

Bəli, Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərlə anti-dünyəvi və anti-Azərbaycan ideoloji tezislərlə silahlanmış “Nurçu”ların, yaxud Türkiyə mənşəli oxşar “fəlsəfi məktəb”in müdavimlərinin müstəqil dövlətçiliyimizə yaratdığı təhdidlər, əslində, eyni motivlərə söykənir.

Azərbaycan öz ideoloji məkanını və milli təhlükəsizlik arxitekturasını Türkiyə mənşəli bu diversiantlardan tam təmizləməlidir.

Taleh Şahsuvarlı