Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ittifaqı regionda nəyi dəyişə bilər?

"Öncəliklə qeyd edim ki, Osmanlı imperiyasının süqutundan sonra Türkiyənin Səudiyyə Ərəbistanı ilə, xüsusilə də müqəddəs torpaqların təhlükəsizliyi ilə bağlı məsələlərdə bu səviyyədə iştirak etməsi tarixi hadisədir. Bunun Türkiyənin xarici siyasəti baxımından xüsusi əhəmiyyəti var. Məkkə, Mədinə və Hicaz əsrlər boyu Osmanlı imperiyasının hakimiyyəti altında olub. Buna görə də Türkiyənin bu prosesdə iştirakı onun xarici siyasət strategiyasının uğuru kimi qiymətləndirilə bilər. Səudiyyə Ərəbistanına gəlincə, bu ölkə uzun müddət Türkiyənin dəstəyindən maksimum dərəcədə asılı olmamağa çalışıb. Səudiyyə hakim sülaləsində və ərəb cəmiyyətinin müəyyən hissəsində Osmanlı dövrü ilə bağlı tarixi yanaşmaların təsiri də mövcuddur. Lakin son hadisələr göstərdi ki, Səudiyyə Ərəbistanı artıq əvvəlki mövqeyini davam etdirməkdə çətinlik çəkir. ABŞ-nin ona gözlənilən səviyyədə dəstək verməməsi, husilərlə bağlı məsələlərdə Vaşinqtonun mövqeyi və yaranmış təhlükəsizlik vəziyyəti Ər-Riyadı alternativ tərəfdaşlara yönəlməyə vadar etdi. Səudiyyə Ərəbistanı əvvəlcə Pakistanla müvafiq saziş imzalamışdı. Həmin vaxt Türkiyə bu əməkdaşlığa qoşulmamışdı. Lakin sonradan yaranmış reallıqları nəzərə alan Ər-Riyad Türkiyənin dəstəyinə ehtiyac duydu və Ankara ilə əməkdaşlığın genişləndirilməsinə razılıq verdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib.

Qeyd edək ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında hərbi sahədə əməkdaşlığın dərinləşməsi Yaxın Şərqdə təhlükəsizlik gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Tərəflərin müdafiə sahəsində əlaqələri genişləndirmək istiqamətində atdığı addımlar bu tərəfdaşlığın regional siyasi proseslərə mümkün təsirlərini ön plana çıxarır. Əməkdaşlığın arxasında dayanan strateji maraqlar, ölkələrin ortaq mövqeləri və fərqli yanaşmaları, eləcə də bu təşəbbüsün İran və digər regional aktorlarla münasibətlərə təsiri diqqət doğurur.

Siyasi şərhçi qeyd edib ki, yaranmış vəziyyət Türkiyənin bu əməkdaşlıq formatına qoşulmasını zəruri edib.

"İran məsələsinə gəldikdə isə Türkiyə Tehranla münasibətlərin maksimum dərəcədə qorunmasında maraqlıdır. Bununla belə, burada müəyyən həssas məqamlar var. Məkkə və Mədinə məsələsi İslam dünyası, xüsusilə də sünni müsəlmanlar üçün müqəddəs və qırmızı xətt hesab olunur. Mənim fikrimcə, husilərin ən böyük səhvlərindən biri Yəməndə əldə etdikləri uğurlara həddindən artıq arxalanmaları və Məkkə ilə Mədinənin azad edilməsi barədə şüarlar səsləndirmələri oldu. Bu cür bəyanatlar İslam dünyasının böyük bir hissəsində ciddi narahatlıq yarada bilər. Məkkə və Mədinənin təhlükəsizliyi Səudiyyə Ərəbistanı üçün həyati əhəmiyyət daşıyır. Bu məsələ sünni müsəlman dünyasının böyük əksəriyyətini maraqlandıran həssas mövzulardandır. Ona görə də Səudiyyə Ərəbistanı belə bir təhlükə qarşısında təkbaşına hərəkət etməyin çətinliyini anlayır. Türkiyə isə hazırda sünni müsəlman dünyasının aparıcı dövlətlərindən biridir. Həmçinin həmin ərazilərin əsrlər boyu Osmanlı hakimiyyəti altında olması Türkiyənin prosesdə iştirakını tarixi baxımdan da əsaslandırır. Bu baxımdan, Ankaranın Pakistanla yanaşı əməkdaşlığa qoşulması gözlənilən idi. Hesab edirəm ki, İran da bu prosesdən müəyyən mesaj alıb. Hazırkı şəraitdə Tehran Türkiyə və Pakistanla münasibətlərini gərginləşdirməkdə maraqlı olmaya bilər. Hətta gələcəkdə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin müəyyən mərhələdə yaxınlaşması da mümkündür. Bu prosesdə Türkiyə və Pakistan vasitəçi rolunu oynaya bilər. Buna görə də İranın birbaşa Türkiyə və Pakistanla qarşıdurmaya gedəcəyini düşünmürəm. Bununla belə, Yəməndə İranın dəstəklədiyi qüvvələrlə Türkiyə və Pakistanın dəstəyini alan Səudiyyə yönümlü qüvvələr arasında münaqişə davam edə bilər. Bu qarşıdurmanın nəticələri Suriyadakı proseslərə bənzər istiqamətdə inkişaf edə bilər. Digər ehtimal isə Livan modelinə bənzər siyasi razılaşmanın əldə olunmasıdır. Belə bir ssenaridə ümumi hakimiyyət modeli formalaşdırıla, həm sünnilərin, həm də şiələrin maraqları nəzərə alına bilər. Yəməndə bu cür hakimiyyət modelinin qurulması İranın da müəyyən şərtlər daxilində razı qala biləcəyi, eyni zamanda sünni blokunun maraqlarının da təmin olunduğu bir nəticə yarada bilər. Lakin hansı ssenarinin reallaşacağını hadisələrin sonrakı inkişafı göstərəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az