Məktəbli forması müzakirələri Azərbaycan–İran münasibətlərinə necə təsir edir?

"Təəssüflər olsun ki, İslam dini və onun ayrı-ayrı məzhəbləri Azərbaycanda xarici dövlətlərin ölkəmizə təzyiq vasitəsi kimi istifadə olunur. Halbuki, belə olmamalıdır. Din dindir. Azərbaycan müsəlman ölkəsidir və əhalinin əksəriyyəti müsəlmandır. Ölkəmizdə, xüsusilə, şiə və sünni məzhəbləri mövcuddur. Azərbaycan dövləti dünyəvi dövlət olsa da, dinlərə və məzhəblərə tolerant yanaşır, insanların dini inanclarını sərbəst ifadə etmələri üçün şərait yaradır. Ümumiyyətlə, dövlət dini məsələlərə müdaxilə etmir. Hazırda baş verənlər də dinə müdaxilə məsələsi deyil. Azərbaycan dünyəvi dövlətdir, məktəblərimiz də dünyəvi prinsiplər əsasında fəaliyyət göstərir və təhsil dünyəvi xarakter daşıyır. Təbii ki, təhsil sistemi dünyəvi olduqda, geyim qaydaları da bu prinsiplərə uyğun müəyyənləşdirilir. Məsələ bu qədər sadə, adi və anlaşılandır. Bunu başa düşməmək, yaxud başa düşmək istəməmək qəbuledilməzdir. Azərbaycanda bu məsələni məqsədli şəkildə anlamaq istəməyən müəyyən bir qrup da var".

Bu fikirləri siyasi şərhçi Azər Həsrət AzNews.az-a açıqlamasında səsləndirib.

Qeyd edək ki, İranın Azərbaycana münasibəti və dini amilin regional siyasətdəki rolu son hadisələr fonunda yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə İran mediasında Azərbaycan məktəblərində vahid geyim qaydaları ilə bağlı yayılan məlumatlar, dini mövzular ətrafında aparılan müzakirələr və mümkün təsir şəbəkələri ilə bağlı iddialar diqqət çəkir. Bu proseslər dini həssaslıqların ictimai rəyə təsir vasitəsi kimi istifadə olunması ehtimalını və bunun Azərbaycan–İran münasibətlərinə mümkün təsirlərini gündəmə gətirir.

Siyasi şərhçi qeyd edib ki, sayları az olsa da, davranışları ilə diqqət çəkirlər.

"Bu şəxslərin əksəriyyəti fikirlərini normal müzakirə və əsaslandırılmış arqumentlər vasitəsilə ifadə etmək əvəzinə, təhqir və söyüşlərə üstünlük verirlər. Çünki məsələlərlə bağlı arqumentləşdirilmiş fikir söyləmək qabiliyyətləri yoxdur. Onların əksəriyyətinin savadsız olduğunu, kitab oxumadığını düşünürəm. İran da məhz bu təbəqənin düşüncələrinə təsir göstərərək onları öz nəzarətinə almağa çalışır. Belə şəxslərin sayı az olsa da, yaratdıqları səs-küy çoxdur. Sanki boş qazan kimidirlər: içi boş olsa da, səsi çox çıxır. Onlar İranın maraqlarına xidmət edirlər. Oktyabrın 12-də məktəblərə qarşı törədildiyi bildirilən terror hücumları ilə bağlı xəbərlərin ilkin olaraq İran mediasında yayılması da bu şübhələri daha da gücləndirir. Burada baş verən hadisələrin görüntülərinin çəkilərək dərhal İran mediasına ötürülməsi, eləcə də bəzi şəxslərin baş verənləri qeydə alaraq İrana göndərməyə çalışması düşündürücüdür. Göründüyü kimi, İran bu amildən Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün istifadə etməyə çalışır. Bizi narahat edən əsas məsələ də budur. Əks halda, dövlətimizin vətəndaşların hansı dinə və ya məzhəbə mənsub olması ilə bağlı problemi yoxdur. Bizim də insanların dini inancları və məzhəbləri ilə bağlı hər hansı narazılığımız yoxdur. Sadəcə, vətəndaşlarımızın din və məzhəb adı altında Azərbaycana düşmən münasibət bəsləyən xarici dövlətin təsiri altına düşməsini və onun maraqlarına xidmət etməsini istəmirik. Məhz buna görə də dövlət müvafiq qərarlar qəbul edir və onların icrasını təmin etməyə çalışır. Bu prosesdə vətəndaşlarımızın da dövlətin yanında olması sevindiricidir. Görürük ki, çoxsaylı vətəndaşlarımız dövlətin atdığı addımları dəstəkləyir, məsələyə mədəni, tərbiyəli və etik çərçivədə münasibət bildirirlər. Lakin qeyd etdiyim kimi, İranın təsiri altında olduğunu düşündüyüm müəyyən bir qrup öz mövqeyini hay-küy, söyüş, qarğış və digər qeyri-etik davranışlarla ifadə etməyə çalışır. Maşınların yandırılması, məktəb qapılarının sındırılması və bu kimi hərəkətlər qəbuledilməzdir. Mən hesab edirəm ki, bu cür hadisələrin arxasında İranın təsiri və yönləndirməsi dayanır. Son günlər bəzi dostlarımızın da tez-tez vurğuladığı kimi, İran başqa coğrafiyalarda terror fəaliyyətinin imkanları məhdudlaşdıqca, bu təsiri qonşu Azərbaycanda qoruyub saxlamağa çalışa bilər. Lakin unudurlar ki, Azərbaycan belə cəhdlərin davamlı şəkildə həyata keçirilə biləcəyi bir ölkə deyil. Ümumilikdə, hesab edirəm ki, İranın bu cəhdləri Azərbaycanın daxili ictimai-siyasi proseslərinə təsir baxımından nəticə verməyəcək. Azərbaycan dövləti və xalqı bu cür hərəkətlərə qarşı bir yumruq kimi birləşib. İnsanlar baş verən hadisələrin mahiyyətini və bu cəhdlərin hansı məqsədlərə xidmət edə biləcəyini yaxşı anlayırlar".

Rəfiqə Namazəliyeva,

AzNews.az