- Siyasi müzakirə
- 14:14
- 782
ABŞ-İran qarşıdurması: Yeni müharibə ehtimalı nə qədərdir?
"ABŞ-nin indiki mərhələdə İrana qarşı yeni hərbi əməliyyatlara başlayacağını düşünmürəm. Əvvəllər də həm ABŞ Prezidenti Donald Tramp, həm də onun administrasiyasının digər üzvləri tərəfindən bu istiqamətdə çoxsaylı bəyanatlar səsləndirilib. Lakin 40 günlük müharibədə ABŞ qalib tərəf olmadı və strateji məqsədlərinə nail ola bilmədi. Bu baxımdan hesab edirəm ki, ABŞ-nin mövcud daxili siyasi vəziyyətində İrana qarşı yeni hərbi əməliyyatlara başlaması Tramp administrasiyasının, eləcə də Respublikaçılar Partiyasının maraqlarına uyğun olmaya bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, ABŞ və İran arasında münasibətlərin gərgin olaraq qaldığı bir vaxtda tərəflərin qarşılıqlı sərt ritorikası daha da güclənir. Tehran rəsmilərinin Vaşinqtonun mümkün yeni hücumuna cavabın daha geniş əraziləri əhatə edə biləcəyi barədə xəbərdarlıqları münaqişənin Yaxın Şərqdən kənara yayılması ehtimalını da gündəmə gətirir. Bu kontekstdə Donuzlar körfəzi ilə bağlı istinad İranın ABŞ-yə ünvanladığı mesajın mahiyyəti baxımından xüsusi maraq doğurur. Mövcud şəraitdə əsas diqqət qarşıdurmanın gələcək inkişaf ssenarilərinə, tərəflərin bəyanatlarının real hərbi addımlara çevrilmə ehtimalına və mümkün eskalasiyanın hansı coğrafi miqyası əhatə edə biləcəyinə yönəlir.
Siyasi şərhçi qeyd edib ki, demokratlar yaranmış vəziyyətdən Respublikaçılar Partiyasına qarşı siyasi mübarizədə istifadə edə bilərlər.
"Düşünürəm ki, əgər ABŞ İrana qarşı yeni hərbi əməliyyatlara başlamaq niyyətində olsaydı, bunu daha əvvəl həyata keçirərdi. Hazırkı vəziyyət göstərir ki, hər iki tərəfdən daha çox konstruktiv bəyanatlar səsləndirilir. Hesab edirəm ki, bu cür açıqlamalar davam edə və tərəflər arasında gərginliyin yenidən artması ehtimalını azalda bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az