Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllibovanın AzNews.az-a müsahibəsi Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllibovanın AzNews.az-a müsahibəsi

“Amaliya xanımın o roluna baxandan sonra aktrisa oldum” - Firəngiz Mütəllibova ilə MÜSAHİBƏ

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllibovanın AzNews.az-a müsahibəsi

- Firəngiz xanım, mərhum xalq artisti Amaliya xanım Pənahova necə bir aktrisa idi?

- 10-cu sinifdə oxuyanda Amaliya Pənahovanı televizorda görmüşdüm. İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasında baş rolların birini oynayırdı. Həmin tamaşada Amaliya xanım rəhmətlik Əliabbas Qədirovla eyni səhnəni paylaşırdı. Həmişə o tamaşaya baxırdım. Amaliya xanımın bu roluna baxa-baxa qərara aldım ki, aktrisa olum. Qismət elə gətirdi ki, universitetə qəbul olundum. Oranı bitirəndən sonra mərhum rejissor Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatrına gəldim. Teatrda ikinci tamaşada mən Amaliya xanımla tərəf müqabili oldum.

- Amaliya Pənahova Akademik Milli Dram Teatrı üçün kim idi?

- O, teatrın repertuarını çiyinlərində aparan bir sənətkar olub. O, teatr sənətində zəhməti hesabına ucalıb. 40 dərəcə qızdırmada səhnəyə çıxardı. Düşünməzdi ki, xəstədir, birdən nəsə olar. Bir dəfə ayağı yanmışdı, elə o vəziyyətdə də səhnəyə çıxmışdı.
Amaliya xanımı heç nə qorxutmurdu. Zərgər dəqiqliyi ilə işinə yanaşırdı. Mən ona həmişə həsəd aparmışam. O, böyük sənətkar olmaqla yanaşı, həm də böyük şəxsiyyət idi. Heç vaxt teatrın texniki işçilərini ayırmazdı, hamıya bir gözlə baxardı. Tamaşanın başlanmasına bir saat qalmış düşərdi zala. Zaldan, tamaşaçı oturan nöqtələrdən tamaşanın səhnə dekorasiyasına baxardı. Çox talantlı aktrisa idi.

Amaliya xanım ətrafın diqqətini özünə çəkərdi. Şux qamət, gözəl yeriş adamı valeh edirdi. Bir dəfə Türkiyədə qastrolda idik. Amaliya xanım Türkiyənin sevilən aktrisası Türkan Şorayla yan-yana oturmuşdu. İnanın, Amaliya xanım onun yanında bir dünya gözəli idi. Baxdıq, çox sevindik ki, Azərbaycanın belə bir qadını var.

- Ölüm xəbərini necə qarşıladınız?

- Amaliya xanımın ölümü məni sarsıtdı, eşidəndə çox pis oldum. Lakin öz-özümə düşündüm ki, Allahın işinə qarışmaq olmaz. Övladlarına da dedim ki, ağlamaq lazım deyil, başınızı uca tutun. Çox xöşbəxt övladlarsınız ki, sizin o cür ananız var. Bütün Azərbaycan onu sevib. Vida mərasimində baxanda da bu, aydın görünürdü. Mərasimdə iynə atsaydın, yerə düşməzdi. O qədər millət vardı, hamı onunla vidalaşmağa gəlmişdi. Hamının gözü yaşlı idi, onun ölümünə hamı üzülürdü. Tanımadığım insanlar küçədə gedəndə mənə başsağlığı verirdi. Heç tanımırdım, yaşlı-cavan, qarşıma kim çıxırdı - ağlayan görüdüm… Çünki o, sənəti ilə xalqın yaddaşında iz qoymuşdu.

- Amaliya Pənahovanın qadın kimi fərqli xüsusiyyəti nədə idi?

- O, çox xöşbəxt qadın idi. Ailəsi, uşaqları, bir qadın kimi gözəlliyi…Bunlar olan yerdə niyə də xöşbəxt olmasın ki? Biz onunla illərlə qastrollarda olmuşuq. Uşağının biri qucağında, biri yanında olardı. Arxasında dayanan bir həyat yoldaşı vardı. Həyat yoldaşı ona hər işdə dəstək olardı. Belə bir qadın həyatından narazı ola bilməzdi. Bir dəfə eşitmədim ki, Amaliya xanım həyatından narazılığını dilə gətirsin, elə həmişə şükür edirdi. Yoldaşı rejissor idi. Onların necə ailə qurmasını görməmişdim. Mən teatra gələndə artıq övladları vardı. Amma eşitmişdim ki, Amaliya xanım həyat yoldaşı ilə bir-birini sevərək ailə qurub. O sevgini bütün heyət görürdü. Hər dəfə tamaşadan sonra Yusif müəllim gəlib onu evə aparırdı. Biz onları həmişə cüt görmüşük, bir dəfə də olsun, ayrı görmədik. Onlara həsəd aparanlar da vardı.

- Amaliya Pənahovanın özündə necə, kiməsə qarşı paxıllıq, həsəd aparmaq kimi xasiyyət vardımı?

- Yox, heç vaxt! Amaliya xanım heç kəsə paxıllıq etməyib. Niyə də olmalıdır? Akademik teatrın bütün baş rollarını Amaliya xanım oynayırdı. O, oynadığı bütün obrazların möhürünü vurmuşdu. “Təhminə və Zaur” tamaşasında öz yaxınlarımıza bilet ala bilmirdik, kassalarda bilet tapılmırdı. O, həmişə teatra pul gətirən bir aktrisa olub. Amaliya xanım ailəsi qədər teatrı sevirdi. Teatr onun üçün hava və su kimi qədər vacib idi. Amaliya xanım teatrdan gedəndə hamı üzülmüşdü. Qəflətən gedişinə qərar verdi, çox çalışdılar ki, saxlasınlar. Amma qərarını dəyişmədi. Teatrda çox rollar oynaya bilərdi. Onun böyüklüyü onda oldu ki, gedəndən sonra Bakı Bələdiyyə Teatrını açdı. Akademik teatrdan gedən aktyorların hamısını ətrafında cəmlədi. Hətta onların iştirakı ilə tamaşa da hazırladı. Həmin tamaşa ilə səhnədən gedən aktyorlara yenidən həyat verdi. Yaratdığı Bələdiyyə teatrında olan bütün aktyorlara təkçə rəhbər yox, həm də arxa oldu.

Bahar RÜSTƏMLİ
AzNews.az