“Sülh sazişi Aİ missiyasının bölgədən çıxmasını şərtləndirir” - Pərvanə Vəliyeva

“Azərbaycanın müstəqil, balanslaşdırılmış və çoxvektorlu xarici siyasətinə göstərilən etimad, eləcə də dövlət başçısının şəxsi nüfuzuna olan yüksək hörmət “Avropa Siyasi Birliyi” Zirvə toplantısında açıq şəkildə öz təsdiqini tapdı. Proqnozlaşdırmaq olar ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında yeni və daha məhsuldar mərhələ başlayıb və perspektivlərin yaxın gələcəkdə reallaşması gözlənilir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Xatırladaq ki, sülh sazişinin paraflanmasından sonra Ermənistan ərazisində fəaliyyətini davam etdirən Avropa İttifaqı müşahidə missiyası bölgədə yeni müzakirələrə səbəb olub. Rəsmi İrəvan missiyanın “sabitliyi qorumaq məqsədi daşıdığını” bildirir, lakin bir çox siyasi ekspertlər və deputatlar bu addımı regionda xarici təsirin davamı kimi qiymətləndirirlər.

Deputat bildirib ki, bu münasibətlər və danışıqlar fonunda Aİ missiyasının sülh müqaviləsinin imzalanmasından sonra bölgəni tərk edəcəyi gözlənilir.

"Ermənistanla Sülh müqaviləsinin əsas şərtlərindən biri tərəflərin qarşılıqlı sərhəd boyunca hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməsidir. Müqavilə mətninin üzərində razılığın əldə olunması və paraflanması bu şərtin qəbul olunduğunu təsdiqləyir. Sülh müqaviləsinin digər mühüm bəndləri delimitasiya və demarkasiya prosesi başa çatana qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması üçün qarşılıqlı razılaşdırılmış tədbirlərin, o cümlədən hərbi sahədə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Həmçinin tərəflər üzərlərinə götürürlər ki, üçüncü tərəflərlə mövcud beynəlxalq razılaşmalar onların bu saziş üzrə öhdəliklərinə xələl gətirməyəcək. Bu müddəalar Aİ missiyasının sərhəddə davamlı fəaliyyətinin hüquqi əsaslarını aradan qaldırır və onun mövcudluğunu məqsədsiz edir. Beləliklə, müqavilənin imzalanması ilə missiyanın fəaliyyəti də başa çatacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az