- Mədəni adam
- 7 Yanvar 2019 14:46
- 4 393
AzNews.az-ın tənqidinə "CinemaPlus" cavab yazdı - "Altyazılar yüksək peşəkarlıqla işlənmir”
Studiyalar bu işdə tamaşaçı sayını artırmaq və ya zövqünü oxşamaq məqsədi daşımırlar.
Xəbər verildiyi kimi, AzNews.az-ın əməkdaşı ötən bazar günü Bakının alış-veriş mərkəzlərinin birində yerləşən "CinemaPlus"da göstərilən Türkiyə istehsalı olan "Dəlilər" filminə baxıb və filmdə gedən altyazıların oxunaqlı olmaması haqda “Dəlilər”in bizi dəli edən titrləri” adlı məqalə yazıb.
AzNews.az xəbər verir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin ictimai əlaqələr üzrə meneceri Nərmin Həsənova həmin məqaləyə cavab məktubu göndərib və altyazıların yüksək peşəkarlıqla işlənmədiyini etiraf edib.
Həmin məktubu olduğu kimi sizə təqdim edirik:
“Azərbaycan altyazıların tərcüməsi kinostudiyalar tərəfindən müxtəlif şirkətlərə sifariş olunur və kinoteatr bu prosesə müdaxilə edə bilmədiyindən tərcümələrin qeyri-səlistliyinə görə məsuliyyət daşımır. Buna baxmayaraq, altyazılarda səhv aşkar etdiyimiz halda, xarici yayım şirkətlərinə dərhal məlumat verib səhvlərin aradan qaldırılmasında təkid edirik. Qeyd etməliyik ki, nəhəng kinostudiyalar dövlətimizin kino yayımı haqqında qanununa əməl etmək məqsədilə filmləri Azərbaycan dilində altyazıları ilə təmin edirlər. Studiyalar bu işdə tamaşaçı sayını artırmaq və ya zövqünü oxşamaq məqsədi daşımırlar. Bu üzdən, təəssüf ki, altyazılar yüksək peşəkarlıqla işlənmir.
Nəzərinizə çatdırmaq istəyirik ki, əcnəbi müstəqil kinostudiyaların filmlərini Azərbaycan dilində nümayiş etdirməkdən məmnunluq hissi duyuruq və bu ənənənin davam etməsi və daha geniş miqyas almasına çalışırıq. Bu günədək cizgi filmləri daxil olmaqla “Cinemazadeh” studiyası tərəfindən geniş tamaşaçı kütləsinə doğma dilimizdə yüksək peşəkar dublyajda təqdim olunur. Əcnəbi filmlərin Azərbaycan dilinə peşəkar çoxsəsli dublyajı “Cinemazadeh” studiyası tərəfindən həyata keçirilir. “Cinemazadeh” studiyasının dublyaj fəaliyyəti kommersiya marağı deyil, Azərbaycan kino dilinin zənginləşdirilməsi, Azərbaycan dilli tamaşaçıların kinoteatr ekranlarına cəlb olunması, xüsusilə yetişən gənc nəslin doğma dildə gözoxşayan filmləri izləməklə vizual zövqünün formalaşdırılması məqsədini daşıyır”.
Son anda verilən məlumata görə, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin ictimai əlaqələr üzrə meneceri Nərmin Həsənova “Cinemazadeh” studiyası ilə əlaqə saxladıqlarını və yaxın günlərdə altyazıların dəyişdiriləcəyini bildirib.
AzNews.az