“Sizin şou-biznesdə paxıllıq çoxdur” “Sizin şou-biznesdə paxıllıq çoxdur”

Əli Pormehr: “Bizdə səviyyəli müğənni toyda oxumaz” - Müsahibə

“Sizin şou-biznesdə paxıllıq çoxdur”

Bu dəfəki müsahibimiz iranlı müğənni Ali Pormehrdir.

Onunla Nizami küçəsi 83 "Tarqovı" də yerləşən "Aqat təbii daşlar" evində görüşdük.

- Azərbaycana xoş gəlmisiz. Özünüzü burda olanda yad hiss etməzsiniz, yəqin. Çünki sizi sevən yetərincə insan var burda.

- Xoş gəldim demək də olar. Amma deyim ki, mən Bakıda çox oluram. Qarşıda xeyli tədbirlərim, toylarım var. Mən həm azərbaycanlıyam, həm də İran azərbaycanlısı. İkisi də mənim üçün eynidir. Fərq etməz.

- Mahnılarınızı özünüz yazırsız bildiyim qədər. Bir mahnının yaranma prosesi necə olur?

- Mahnılarmın 95-97 faizini özüm yazıb, bəstələyirəm. Mənə ilham gəldiyi zaman yazıram. Onu deyim ki, həmin an yazmasam, sonra yaddan çıxır. Mənim uşaqlıqdan musiqiyə böyük həvəsim olub. Yanımda kimsə deyəndə ki, məsələn: “əllərin ağrımasın” mən o kəlməni “dam ra dam dam da radam” eşidirəm. Və beləcə, gözəl mahnılar yaradıram.

Hər insanın öz xatirələri olur. Mən də çox şeylərdən təsirlənə bilirəm. Çox zaman mahnı yazanda özüm özümdən çıxıram. Necə deyərlər, kağıza girirəm, bir də ayılıram ki, artıq mahnı hazırdır. Mən insanlara yox, sevginin özünə mahnı bəstələyirəm. Sevginin özü ilə yaşayıram.

- Bir yerdə oxumuşdum ki, sizin heç bir mahnınıza qadağa qoyula bilməz. Niyə bu qədər əminsiniz?

- Bəli, mənim heç bir mahnım qadağada deyil. İranda qadağalar var. İran hakimiyyəti məni tanıyır, bilir ki, mən ana dilimi sevən bir insanam. Çalışıram ki, çərçivədən qırağa çıxmayım. Necə deyərlər, qırmızı xəttə yaxınlaşıram, amma, o cızıqdan qırağa keçmirəm.

- Azərbaycanda hansı müğənniləri dinləyirsiz?

- Azərbaycanda yaxşı müğənnilər çoxdur. Amma dinlədiyim müğənnilər azdır. Röyanı, Vasif Əzimovun bir neçə mahnısını dinliyirəm, Şəbnəmin də səsi gözəldir.

- Bəs bizim toylara dəvət alanda hansı mahnıları oxuyursuz?

- Azərbaycan toylarında məndən şərq mahnıları istəyirlər. Mən də repertuarımı o istimaqətə yönləndirirəm.

- Sizdə bayağı müğənni varmı? Bizim Bakıda bayağı müğənni çoxdur, sizcə?

- Bayağı müğənni hər yerdə var. Bakıda isə elə müğənniləri tanımıram. Mən ancaq səviyyəli müğənniləri tanıyıram.

- Hər iki ölkədə toylara gedirsiniz. Toylarımız arasında hansı kəskin fərqlər var?

- İranda toylara getmirəm. Çünki toya gedən müğənniyə yaxşı baxmırlar. Bizdə səviyyəsiz müğənni toya gedər. Burda yaxşı müğənni toya gedər, orda yaxşı müğənni toya getməz. İranda səviyyəli müğənni ancaq konsert verər. Bəlkə bir ildən sonra mən İranda bu dəbi götürdüm. Ümid edirəm, bunu bacaracam. Sənət dostlarım da sonra mənə dua edər. Deyərlər, Allah Aliyə rəhmət eləsin (gülür).

- Bizdə əksər müğənnilər indi sosial şəbəkələrdə, əsas da instaqramda çox aktivdilər. Sizdə bu məsələ necədi? Sosial şəbəkərlərdən istifadə hansı həddədir?

- Bəli, biz də sosial şəbəkələrdən aktiv istifadə edə bilirik. Biz özümü daha çox çəkib qoymaqdansa, gördüyümüz işləri paylaşırıq. Mahnılar, millətin dərdinə yanacaq musiqilər yaratmaq və bunu paylaşmaq bizim üçün daha vacibdir.

- Evlisiz?

- Bəli.

- Yoldaşınız haralıdır? Farsdırmı?

- Yoldaşım İran Azərbaycanlısıdır. Bəli, bir tərəfi farsdır. Və biz çox gözəl anlaşırıq. Sizə deyim ki, İran göy qurşağıdır. Rənglər fərqlidir. Amma bir-birinin yanında yaraşırlar.

- Evlənəndə tanınırdızmı? Yoldaşınız fanatınız olubmu?

- Xeyr, evlənəndə tanınmırdım. Yoldaşım isə fanatım olub. Amma o vaxtı çox da məşhur deyildim. Həyat yoldaşım mənim üçün çox əziyyətlər çəkib. Sevirəm onu. Min dəfə də, dünyaya gəlsəm, yenə onunla evlənərəm.

- Bütün dünyada bir müğənninin məşhurlaşması, efirlərə çıxması və s. üçün xeyli pul xərclənir. Azərbaycanda da bu məbləğ az olmur. Bəs İranda necədir?

- Mən heç vaxt pul verib hansısa verlişə çıxmamışam. Bakıya gələndə isə artıq məşhur idim. Ona görə mənə pul verib efirə çıxmaq lazım deyildi. Əgər məndə sənət varsa, niyə pul verməliyəm? İranda da yaxşı müğənnini efirə çağırırlar. Mən hələ tanınmayan vaxtlarımda məşhur fars müğənnilərə mahnı yazırdım.

- Xarizmatiksiniz. Nə əcəb filmə çəkilmək istəyiniz olmayıb?

- Filmi sevmirəm. Dəvət almışam. Sadəcə səviyyəsiz film olduğuna görə təklifi qəbul etməmişəm.

- İranda qızlarlara içki içməyə icazə yoxdur. Amma ölkəmizdə yetərincə iranlı xanımlar var ki, içki məclisləri qururlar. Bizim ölkədə buna qadağa yoxdur, amma xanımlarımız elə də, maraqlı deyillər. Sizcə qadağa olmuş bir işə qadınlar niyə bu qədər maraqlıdır?

- İnsanın təbiəti belədir. Nə qadağan olunursa, insan ona maraqlı olur. Amma siz içənləri görürsüz deyə elə bilirsiz ki, iranlı xanımlar içkiyə maraqlıdır. Əslində belə deyil.

- Bizim bəzi şou adamları ailəsini gündəmə gətirməyi sevmirlər. Sizcə müğənninin şəxsi həyatı nə qədər gizli qala bilər?

- Əslində nə gizlədəsən, nə də çox efirə çıxarasan. Mən ailəmi heç kimdən gizlətmirəm. Sadəcə ailəmi efirə çıxartmağı sevmirəm. Hər kəsin ailə dəyərləri var. Qeyrətli kişi də o dəyərləri qorumağı bacarmalıdır. Həm də mənim yoldaşım sənət adamı olsa, bəlkə efirə çıxmasına normal baxaram. Amma yoldaşım evdar xanımdır.

- Yəqin ki, azdan-çoxdan bizim şou-biznesdən xəbərdarsız. Nələri bəyənmirsiniz?

- Sizin şou-biznesdə paxıllıq çoxdur. Bunu bəyənmirəm. Hətta özümə də bəzi söz-söhbətlər çatır. Məsələn: “Salam Yetir” mahnısını türmədə yazıblar, “Naz eləmə” mahnısı daha öncə oxunub. Gülməli sözlər çox danışırlar. Adam özü 30 ildir oxuyur, bir mahnısı hit ola bilmir. Məcbur bu yollara əl atırlar. Mən “Naz eləmə” mahnısını 2 saata yazmışam. 6 milyondan çox baxış sayı var. Necə deyərlər, işimi görüb qabağa gedirəm.

- Bizim müğənnilərin əksəriyyətinin övladları xaricdə təhsil alır. Siz övladınız üçün necə bir həyat düşünürsüz?

- Qızımın arzuları haqqında indidən danışmaq tez olar. Hələ 5 yaşı var. Çox istərdim qızım daha rahat həyatda yaşasın. Özü necə istəsə yəqin ki, elə də olar.

- Demişdiz Azərbaycanda konsertə maraq yoxdur. İranda konsertə maraq daha çoxdur. Nəyə görə belə düşünürdüz?

- Konsert canlı olar. Yoxsa, iki mahnıdan sonra bütün mahnıları fonoqram oxuyurlar. Belə konsert olmaz. Konsertdə 10 nəfər canlı çalar, bir nəfər canlı oxuyar. Yalandan şou göstərirlər. Mən Azərbaycanda demək olar ki, konsert görməmişəm. Bir dəfə Şəbnəm Tovuzlunun konsertində olmuşam. Yaxşı idi. Amma bəzi nüansları bəyənmədim, onların içində fonoqram oxumaq da var idi. Şəbnəm Tovuzlu bəzi mahnıları fonoqram oxuyurdu. Azərbaycanda konsert verməyi düşünmürəm. Mənə İranda konsert vermək daha çox maraqlıdır.

Həm də bunun üçün təşkilatçı lazımdır. Sizdə konsertlərdə biri yemək yeyir, biri qəlyan çəkir. Belə konsert olmaz. Bəlkə bir-iki ildən sonra ya Heydər Əliyev Sarayında, ya da Yaşıl Teatrda konsertim oldu. Amma yaxın gələcəkdə Türkiyədə konsertimiz gözlənilir. Türkiyədə konsertin mənası var. Konsertə dəyər verirlər. Bakıda təşkilatçılar deyərdim ki, işi dəyərdən salıblar. Adam özü-özündən utanır. Həm də Bakıda konsert vermək çox pul tələb edir. Məndə hələ o pul yoxdur.

- Özünüzə qarşı qadağalarınız var?

- İçki içmirəm, siqaret çəkmirəm. Çalışıram kiminsə ürəyini qırmayım, məndən kiməsə ziyan dəyməsin. Mən çox da dini bir insan deyiləm. Amma Allahla öz aramda olan bir hesabım var. Bilirəm ki, elədiklərim nə zamansa qarşıma çıxacaq. Ona görə yaxşılıq etməyə çalşıram. Sadə insanam.

- Bizi yeniliklər gözləyirmi?

- Bəli, bundan sonra məndən ayda bir mahnı eşidəcəksiz. Bəlkə duetlər də oldu. Əflatun Qubadovla son duetimiz də maraqlı oldu. Həm İranda, həm də Azərbaycanda sevildi.(faktor.az)

AzNews.az