"Məqsədim milli alətimiz olan kamançanın Avropa aləti olan skripkadan heç də geri qalmadığını göstərməkdir" "Məqsədim milli alətimiz olan kamançanın Avropa aləti olan skripkadan heç də geri qalmadığını göstərməkdir"

Bir çox musiqiçilərlə eyni səhnəni bölüşmək istərdim - Prezident təqaüdçüsü

"Məqsədim milli alətimiz olan kamançanın Avropa aləti olan skripkadan heç də geri qalmadığını göstərməkdir"

Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, “Gənclər” mükafatçısı Mədinə Şahgəldiyeva AzNews.az saytına müsahibə verib.

- Mədinə xanım, bildiyimizə görə yeni disk üzərində çalışırsınız. Albomunuzu nə zaman təqdim edəcəksiniz?

- Bəli, hazırda yeni albom üzərində işləyirəm. Yaxın günlərdə təqdim edəcəm. Artıq hazılıqlar başlayıb. Alboma muğam, bəstəkar və dünya klassiklərinin əsərlərini toplum şəkildə daxil edəcəm. Albomun bəzi əsərləri artıq hazırdır. Finlandiya bəstəkarı Yan Sibeliusun üç hissəli skripka konsertini lentə almışam. Yan Sibelyosun üç hissəli konsertini kamançada ifa etməkdə məqsədim milli alətimiz olan kamançanın Avropa aləti olan skripkadan heç də geri qalmadığını göstərməkdir. Hətta skripka ilə eyni texniki imkanlara malik olduğunu nümayiş etdirməkdir. Adətən kamançada sadə əsərləri ifa edirlər, ancaq düzgün yönləndirilmiş ifaçı istənilən əsəri milli alətimizdə lazımı şəkildə ifa edə bilər.

Onu da deyim ki, bəstəkar, pianoçu, Beynəlxalq müsabiqələr laureatı Tural Məmmədli albomun musiqi redaktoru, pianoçu, beynəlxalq festivallar laureatı Sevinc Kərimova ilə isə iş birliyi edirik.

- Niyə məhz kamança musiqi alətini seçmisiniz?

- Kamança musiqi alətini seçməyimə gəlincə ailəmizdə bu alətdə ifa edən var. Anam və xalam kamança ifaçısı olub. Uşaqlıqdan kamança ifaçılarına qulaq asırdım. Hətta kiçik yaşlı olarkən anamın kamaçasını ifa edə bilməsəm belə aləti açırdım və ifa etməyə çalışırdım. İlk müəllimim xalam, “Tərəqqi” medallı Təranə Babayeva olub, Milli Konservatoriyada isə əməkdar artist Elşən Mansurov. Bakalavr və magistr pilləsini qırmızı diplomla bitirmişəm.

- Kamança ifaçısı olanlarla sizin üslubunuz və fərqiniz nədir? Kamançanı hansısa musiqi aləti ilə sintez etməyi düşünürsünüz?

- Bu sahədə artıq yeniliklər etmişəm. Daha çox klassik əsərlərə üstünlük verirəm. Gələcəklə bağlı planlarıma gəlincə bir az öncə qeyd etdiyim kimi albom üzərində işləyirəm, solo konsertlər verəcəm. Noyabr ayında xalq artisti Dadaş Dadaşovun kamança üçün konsertini simfonik orkestrlə ifa edəcəm.

Bununla yanaşı xarici ölkələrdə festivallarda iştirak edirəm. Qazaxıstanda Astanada keçirilən müsabiqədə iştirak etdim. Orada 24 ölkə iştirak edirdi və mən birinci yer tutdum. Azərbaycan kamançası birinci yerə layiq görüldü. Ondan öncə Kazanda, Moskvada festivallarda iştirak etmişəm.

- Xarici ölkələrdə festivallarda iştirak etdiyinizi qeyd etdiniz. Maraqlıdır ki, gələcəkdə hansısa ölkədə fəaliyyətinizi davam etdirmək fikriniz varmı?

- Bəli, Avropa ölkələrində fəaliyyət göstərmək istəyərdim. Çünki klassik əsərlər orada daha çox inkişaf edib və daha yaxşı başa düşürlər. Əlbəttə ki, muğam sənətimizi tanıyırlar. Kamança musiqi alətində klassik əsərlərin də ifasını dinləməlidirlər.

- Tamaşaçıların klassik musiqini başa düşməsindən söz düşmüşkən, bu sahəyə maraq necədi? Bir gənc olaraq sizi qane edirmi?

- Əlbəttə ki, xeyr. Bu sahəni nə qədər geniş təbliğ etsək, o qədər də inkişaf edəcək. İstedadlı gənclər televiziyaya tez-tez çıxmalıdır ki, insanlar klassik əsərlər haqqında maariflənsinlər.

- Gələcəkdə klassik ifaçılardan kiminləsə iş birliyi etmək arzunuz varmı?

- Əlbəttə ki, bir çox musiqiçilərlə eyni səhnəni bölüşmək istərdim. Amma onların sırasında dünya şöhrətli dirijor var ki, bu da Valeri Gergiyevdir.

- Siz bir çox mükafatlara layiq görülmüsünüz, Prezident təqaüdçüsünüz. Maraqlıdır ki, neçə dəfə konsert proqramı ilə çıxış etmisiniz?

- Bəli, üç dəfə konsert proqramı ilə çıxış etmişəm. Konsertin ikisi Milli Konservatoriyada, biri isə Azərbaycan Bəstəkarlar İttifaqında baş tutub.

Rəqsanə

AzNews.az

image description image description image description image description image description