- Mədəni adam
- 9 Sentyabr 2019 16:26
- 6 317
Məni öləndə Qarabağda basdırın - Türkiyədə yaşayan Dərya Akdemir
“Mən bu elin qızıyam” rəqsi yeni quruluşda təqdim olunacaq
Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən “ANKA” Azərbaycan Rəqs və Sənət Klubunun təsisçisi və direktoru Dərya Akdemir AzNews.az-a müsahibə verib.

- Dərya xanım, necə oldu ki, “ANKA” Azərbaycan Rəqs və Sənət Klubunu qurdunuz?
- 2016-ci ildə Ankarada Azərbaycan mədəniyyətini təbliğ etmək, qorumaq, onu gələcək nəsillərə çatdırmaq üçün bu Klubu yaratdım. Onun məqsəd və məramı beynəlxalq festivalda Azərbaycan mədəniyyətini təbliğ etməkdir. Mən azərbaycanlıyam. Babam-atam əslən Qarabağlıdır. Azərbaycan mədəniyyətinə, xüsusən də Qarabağ mədəniyyətinə çox bələdəm. 7 yaşımdan rəqs sənəti ilə məşğulam. Rəqs müəllimim Məmməd Azərbaycanda tanınmış xoreoqraflardan biridir. Düşündüm ki, harada oluramsa olum, Azərbaycan rəqs sənətini yaşatmalıyam. Buna görə Ankarada bu dərnəyi qurdum.
- Ailənizdə rəqs sənəti ilə məşğul olan olubmu? Yəni, bu sənət sizə kimdən keçib?
- Uşaq vaxtı İğdırda yaşamışam. Məmməd müəllimlə tanışlığım vardı. O, mənə bu sənətin bütün sirrlərini öyrətdi. Onunla kifayətlənmirdim, eyni zamanda rəqs sənətini həm də başqa ifaçıların, ustadların ifasında izləyirdim.
- Azərbaycan milli rəqslərindən ən çox sevdiyiniz rəqs hansıdır?
- “Naz eləmə”, “Vağzalı” rəqsləri çox diqqətimi çəkir. Bundan əlavə bəzi xoreoqrafik rəqslər var ki, biz onu popuri formasında təqdim edirik. Bizim bir məqsədimiz var. Yeni mövsümdən etibarən bu dərnəyi daha da genişləndirmək istəyirik. Hazırda bununla bağlı işlər gedir.
- Rəqsləriniz hansı ölkənin musiqi alətlərinin müşayiəti ilə təqdim olunur. Azərbaycan, yoxsa Türkiyə...
- Biz Türkiyənin Ankara şəhərində fəaliyyət göstəririk. Amma klubumuzun bütün layihələri Azərbaycanla əlaqədardır. Dərnəyin daha bir məqsədi var. Azərbaycan-Türkiyə dostluğunu daha da möhkəmləndirmək və nəinki Türkiyə, hətta başqa olkələrdə keçirilən beynəlxalq festivallarda Azərbaycanı layiqincə təbliğ etməkdir. Bizim dərnək Azərbaycan mədəniyyəti üzərində qurulub. Mən bir azərbaycanlıyam, amma bunu Türkiyədə ona görə edirəm ki, oradakı insanlara bu mədəniyyəti öyrədim.
- Klubunuzda neçə müəllim çalışır?

- Zamanla azərbaycanlı müəllimlərlə işlədim. Yeni mövsümdən isə azərbaycanlı xoreoqraf Şəhriyar Cəfərovla işləyəcəyik. Onun bu sənət üzrə gözəl yaradıcılığa malik olmasını bilirdim. Düşündüm ki, onu dərnəyə dəvət edim və bizimlə işləsin. Sağ olsun, məni qırmadı. Şəhriyarı Türkiyədə çox sevirlər və sənətinə çox da hörmət edirlər. Belə insanlar tez-tez yetişmir. Belələrinə sahib çıxmaq, onları əl üstündə tutmaq gərəkdir. Bizim uzun illər öncə yollarımız kəsişmişdi. Bundan sonra daha bir yerdəyik.
- Hər il klubunuza müraciət edən tələbələrin sayı çoxalır, yoxsa...?
- Hər mövsümdə tələbələrin sayı dəyişir. Dərnəkdə bir çox millətlərin nümayəndələri var. Türkiyə tələbələri əsasən Azərbaycan rəqsini oyrənmək üçün dərnəyə gəlir. Amma bəzən müəyyən səbəblərdən onlar bizi tərk etmək məcburiyyətində qalırlar. Bu, onların valideynlərin işi ilə bağlıdır.Təbii ki, biz buna çox üzülürük. Onlar gedir, yerinə bir başqaları gəlir. Türklər Azərbaycan milli rəqslərini çox ürəkdən mənimsəyirlər. Hətta bu barədə mənə də yazırlar. Deyirlər ki, onlar inanılmaz dərəcə peşəkar oynayırlar. Dərnəkdə əfqan, bolqar, şimali makedoniyalı, kıbrıslı və başqaları var.
- Siz özünüz də rəqs edirsiniz?
- Bəli, mən də rəqs edirəm. “Vağzalı” çox sevdiyim solo rəqsidir. Amma biz hazırda yeni layihə üzərində işləyirik. Şəhriyar Cəfərovun qurduğu “Mən bu elin qızıyam” rəqsi yeni quruluşda təqdim olunacaq. Bu rəqsdə əlimdə bayraq oynayıram, inanılmaz bir quruluşdadır. Böyük bir layihədir, rəqsin süjet xəttində sadəcə Azərbaycan var. Xəzərin ləpələri, başımızın üzərində bayraq, külək əsir, bayraq dalğalanır...

- Deyirsiniz ki, “Vağzalı” rəqsini çox sevirsiniz? Bu rəqsi sizə sevdirən nədir?
- Azərbaycanın bütün rəqslərinin yaranma tarixi var. Rəqslərin hər biri müəyyən rəvayətlərə söykənir. Biz həmin rəqsləri öyrənərkən ilk öncə tələbələrə həmin rəvayətləri danışırıq. Məsələn, “Naz eləmə” rəqsində qızın oğlana nazından danışılır. Dərslərimiz bu fornatla davam edir.
- Klubunuz hansı festivallarda çıxış edib?
- Qarşıda bizi çox uğurlu bir il gözləyir. Bu günə kimi tək idim, artıq yardımçım da var. Mən həm də yazaram, bütün yaradıcılığım Azərbaycanla bağlı olduğu üçün inanılmaz dərəcədə yoruluram. Mütəmadi olaraq festivallarda çıxış edirik. Ən cox iştirak etdiyimiz ölkə Kıbrısdır. Bundan əlavə Şimali Makedoniya, Braziliya, Kıbrıs və qarşıdakı mövsümdə dəvət aldığımız çox ölkələr var. “Youtube” kanalımız var, rəqslərin hər birini həmin kanalda paylaşırıq. Ankara-Azərbaycan kanalına baxanlar bizim bütün işləri oradan izləyə bilərlər.
- Şəhriyar Cəfərov istedadlı rəqqasdır. Əgər dərnəkdə fəaliyyəti zamanı Türkiyənin Opera və Balet teatrlarından ona dəvət gəlsə...

- Kaş ki, belə ola... Mən Şəhriyarın heyranı idim. Onun bütün rəqslərini izləyirdim. Onu öz əllərimlə həmin operaya götürəcəm. O, cox böyük, istedadlı bir sənətçıdir. Niyə də onun istedadını opera teatrlarının tamaşaçıları görməsin. Bu klub onun evidir, biz ona qapını açdıq, qalanı onun öz əlindədir. Sənətçilərin çoxu zamanla ətrafından küsüb inciyir. Belə adamların ruhu ölür. Biz belə istedadlı gənclərin ruhunun ölməsinə imkan verməyəcəyik. Onun da mənim kimi ürəyində vətən sevgisi var. Demişəm ki, bir gün ölsəm, məni Qarabağda basdırın...Bu, bir vəsiyyətdir.
- Deyirsiniz ki, həm də yazarsınız. Yaradıcılığınız haqqında məlumat verərdiniz?
- Aprel ayında “Susdum” adlı bir kitab çıxartdım. Kitabda Azərbaycan, bayraq, vətən, dövlət sevdasından bəhs edilir. Ayrıca bu kitabın iki özəlliyi var. Birincisi, Azərbaycan və Türkiyə türkcəsi ilə yazılıb, ikincisi isə kitabdan gələn gəlir Azərbaycan və Türkiyədə kimsəsiz uşaqların hesabına keçiriləcək. Demişəm ki, həmin kitabdan bir qəpik də olsun mənim cibimə girməyəcək. Öz əllərimlə həmin pulu Azərbaycan və Türkiyədəki kimsəsiz uşaqlara paylayacam. Bundan başqa isə ayrı əsərlər üzərində işləyirəm. Qarabağdan başlayıb erməni vəhşiliyini ortaya qoyan, ermənilərin Azərbaycan torpaqlarında deyil, Türkiyə ərazisində də vəhşiliyini qələmimlə əsərlərimdə ortaya qoyacam. Baxmayaraq ki, kitab hələ işıq üzü görməyib, amma onun artıq kanalımızda səsləndirilməsi yer alıb. Kanalda Xocalı soyqırımı ilə bağlı səsləndirmə də var. Bu, gerçək soyqırımdır. Utanmadan bizə edilən soyqırımları unutdurmağa çalışırlar. Məqsədim odur ki, bu soyqırımlar unudulmasın, insanlar daima bunu xatırlasın. Bizim 30 il sonra gələn nəslimiz edilən soyqırımları necə öyrənəcək? Bu haqda bilməyəcəklər. Biz buna imkan verməməliyik. Mənim övladım nənə olanda onun nəvəsi edilən soyqırımları bilməlidir.
- Bakıya tez-tez gəlirsiniz? Hər gəlişinizdə Bakını, ana vətəninizi necə görürsünüz?
- Tez-tez gəlirəm. Bizim gözəl ana dilimiz var. Dünyanın ən gözəl dili Azərbaycan türkçəsidir. Bu qızıl kimi bir seydir. Hərdən Bakıda rus dilində danışan görürəm. Mən buna əsəbiləşirəm. Dil bilmək gözəl bir seydir, amma mən rus deyiləm. İstəyirəm xalqımın bütün nümayəndəsi Azərbaycan türkçəsi ilə danışsın.

Bahar RÜSTƏMLİ
AzNews.az