Bakıda Qazaxıstanın "HasSak" etnofolklor qrupunun konserti təşkil edilib

Azərbaycanda keçirilən Qazaxıstan Mədəniyyət Günləri çərçivəsində "HasSak" etnofolklor qrupunun Bakıda konserti təşkil edilib.

Aznews.az xəbər verir ki, konsertdə Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alem Bayel, Qazaxıstanın mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər iştirak edib.

Açılış mərasimində çıxış edən Alim Bayel qeyd edib ki, Mədəniyyət Günləri hər iki ölkə prezidentlərinin tapşırığına uyğun olaraq təşkil edilir: “Bugünkü konsert proqramı ilə ölkəmizdəki Qazaxıstan Mədəniyyət Günlərinə start verilib”.

Diplomat qeyd edib ki, xalqlarımızın mədəniyyəti çox zəngindir, oxşardır, lakin hər bir tədbir zamanı yeniliklər, fərqliliklər kəşf olunur.

Səfir hər iki ölkənin Mədəniyyət Nazirliklərinə belə tədbirlərin keçirilməsinə görə təşəkkürünü bildirib.

Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov da açılış mərasimində çıxış edərək ölkələrimiz arasında ikitərəfli əlaqələrin, xalqlarımız arasında bağların sarsılmaz olduğunu diqqətə çatdırıb. Əmirbəyovun sözlərinə görə, qardaş xalqlar arasındakı əlaqələr müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də inkişaf edir.

Qeyd edək ki, Mədəniyyət Günləri 2-5 dekabr tarixlərində keçirilir.