- Mahal
- 29 Mart 2019 17:40
- 2 431
Naxçıvanın sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiq edildi

Vasif Talıbov fərman imzalayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 29-da “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərman muxtar respublikada növbəti mərhələdə iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi daşıyır.
Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib.
Fərmanla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrası üçün zəruri tədbirlər görməli, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və icrası barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidir.
Fərmanda qeyd olunub ki, sosial-iqtisadi inkişaf sahəsində qəbul edilmiş dövlət proqramlarının uğurla icrası muxtar respublika iqtisadiyyatının daha da güclənməsini, makroiqtisadi göstəricilərin bütün parametrləri üzrə inkişaf dinamikasının qorunub saxlanmasını təmin etmişdir. İqtisadi inkişafın əsas göstəricisi sayılan ümumi daxili məhsulun həcmi birinci proqramın qəbul edildiyi 2004-cü illə müqayisədə 12 dəfə artaraq 2 milyard 773 milyon 20 min manatdan çox olmuşdur. Ümumi daxili məhsulda maddi istehsal sektorunun xüsusi çəkisinin 60 faizə yaxın olması isə sabit iqtisadi artımın daha bir göstəricisidir.
Aparılmış təhlillər və formalaşmış əlverişli iqtisadi mühit muxtar respublikada mövcud olan bütün resurslardan səmərəli istifadənin təşkili, investisiya qoyuluşlarının artırılması, sosial infrastruktur təminatının gücləndirilməsi, yeni istehsal və xidmət sahələrinin, iş yerlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 4-cü Dövlət Proqramının qəbul olunması zərurətini yaratmışdır.(report.az)
AzNews.az