Ali Məclisin Sədri tədbirin təşəbbüskarlarına təşəkkür edib Ali Məclisin Sədri tədbirin təşəbbüskarlarına təşəkkür edib
  • Mahal
  • 16 Aprel 2019 16:56
  •  2 181

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Ali Məclisin Sədri tədbirin təşəbbüskarlarına təşəkkür edib

Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı tərəfindən muxtar respublikada həyata keçirilən layihələrin uğurlu olduğunu bildirib. 2019-cu ilin Naxçıvanda “Ailə təsərrüfatları ili” elan olunduğunu və muxtar respublikada mindən artıq ailə təsərrüfatının fəaliyyət göstərdiyini bildirən Ali Məclisin Sədri bu sahənin inkişafı ilə bağlı görülən işləri diqqətə çatdırıb, “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” tədbirini də ailə təsərrüfatlarına dəstək xarakteri daşıdığını qeyd edib.

Ali Məclisin Sədri tədbirin təşəbbüskarlarına təşəkkür edib və əməkdaşlığın davam etdirilməsinin məmnunluqla qarşılandığını bildirib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib, ötən il Naxçıvanda “Avropa şəhərciyi”nin açılışını məmnunluqla xatırladıb. Naxçıvanda keçirilən “Kətə” festivalında iştirak edəcəklərini bildirən və bunu yüksək dəyərləndirən qonaq muxtar respublikada ailə təsərrüfatlarının inkişafını, festivalı və keçirəcəkləri tədbiri qadınların cəmiyyətdəki yerinin müəyyənləşdirilməsi işinə töhfə verdiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti təmsil etdiyi təşkilatla muxtar respublika arasındakı əlaqələrə diqqəti çəkib, mövcud əməkdaşlıq imkanlarını dəyərləndirib.(AZƏRTAC)

AzNews.az

image description