• Mahal
  • 15 Fevral 12:04
  •  4 498

Azərbaycanın qadın minaaxtaranlarının aşkarladığı minaların sayı açıqlanıb

Azərbaycanın qadınlardan ibarət iki minaaxtaran komandası hazırda Ağdam rayonunun erməni işğalından azad olunan Nəmirli kəndi ərazisini minalardan təmizləyir.

Bu barədə fevralın 15-də Ağdamda keçirilən mediatur zamanı məlumat verilib.

Qeyd olunub ki, ərazidə ümumilikdə 25 qadın minaaxtaran, 2 qadın paramedik, 3 kişi qrup rəhbəri və onların müavinləri və 11 kişi minaaxtaran fəaliyyət göstərir.

Bildirilib ki, həmin qruplar tərəfindən indiyədək 595,258 kv/metr ərazi minalardan təmizlənib, 8 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina və 71 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Qeyd edək ki, qadın minaaxtaranlar layihəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının (UNDP), Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə həyata keçirilir.

Qadın minatəmizləmə qrupları ötən ilin sentyabrın 25-də Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində fəaliyyətə başlayıblar.