- Mahal
- 13 Avqust 09:57
- 1 741
Naxçıvanda rahat ictimai nəqliyyat mərhələsi başlayır - ŞƏRH

Naxçıvan Muxtar Respublikasında ictimai nəqliyyatın modernləşdirilməsi və ekoloji davamlılığın gücləndirilməsi istiqamətində mühüm addım atılıb. Şəhər marşrutlarında istismar olunmaq üçün 60 ədəd BYD markalı elektrik mühərrikli avtobus gətiriləcək. Uzunluğu 8,7 metr olan, 226 kVt gücündə batareyaya malik bu avtobuslar tam enerji ilə 240 kilometr məsafə qət edə bilir. Layihə çərçivəsində avtobusların fasiləsiz enerji təchizatını təmin etmək üçün 6 MVA gücündə transformator məntəqəsi inşa ediləcək, qaraj ərazisində və marşrut xətlərinin son dayanacaqlarında ümumilikdə 17 ədəd 320 kVt-lıq sürətli enerji doldurma cihazı quraşdırılacaq. İlk mərhələdə avtobuslar sınaqdan keçiriləcək və cari ilin sonuna qədər bütün infrastrukturun istifadəyə verilməsi planlaşdırılır.
Bu təşəbbüs Naxçıvan şəhərinin nəqliyyat sistemində keyfiyyətcə yeni mərhələ açacaq. Elektrik avtobuslarının tətbiqi ilk növbədə ekoloji yükün azalmasına, atmosferə atılan tullantıların və səs-küy çirklənməsinin minimuma enməsinə xidmət edəcək. Bu, həm şəhər sakinlərinin həyat keyfiyyətinə, həm də bölgənin ekoloji balansının qorunmasına müsbət təsir göstərəcək. Bundan əlavə, enerji effektivliyi baxımından elektrik avtobusları uzunmüddətli perspektivdə əməliyyat xərclərini azaldaraq, ictimai nəqliyyatın maliyyə dayanıqlığını artıracaq.
Yeni nəqliyyat vasitələrinin istismara verilməsi ilə sərnişin daşımalarında daha rahat, müasir və texnoloji baxımdan təhlükəsiz şərait təmin olunacaq. Avtobusların yüksək enerji tutumu və sürətli doldurma imkanları marşrutların fasiləsiz işləməsinə və pik saatlarda sərnişin tələbatının daha səmərəli qarşılanmasına imkan verəcək. İnfrastrukturun tərkibində nəzərdə tutulan 320 kVt-lıq doldurma məntəqələri isə yalnız mövcud avtobuslar üçün deyil, gələcəkdə alınacaq əlavə elektrik nəqliyyat vasitələri üçün də baza rolunu oynayacaq.
Layihənin əhəmiyyəti yalnız nəqliyyat sektoru ilə məhdudlaşmır. Bu, həm də Azərbaycanın “yaşıl enerji” və alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi siyasətinə uyğun strateji addımdır. Elektrik mühərrikli avtobusların tətbiqi ölkənin bərpaolunan enerji resurslarının nəqliyyatda istifadəsini stimullaşdıracaq, enerji səmərəliliyini artıracaq və xarici enerji resurslarından asılılığın azalmasına töhfə verəcək.
İnfrastrukturun tam gücü ilə işə düşməsi Naxçıvan şəhərində ictimai nəqliyyatın keyfiyyət göstəricilərini yüksəldəcək, ekoloji baxımdan nümunəvi model yaradacaq və digər şəhərlər üçün də tətbiq edilə biləcək praktiki təcrübə formalaşdıracaq. Beləliklə, layihə yalnız müasir nəqliyyat vasitələrinin gətirilməsi deyil, həm də şəhərin gələcək inkişafı üçün dayanıqlı və innovativ həllər sisteminin qurulması baxımından strateji əhəmiyyət kəsb edir.
Nuray,
Aznews.az