Restorandan 1 dəqiqə ərzində 120 müştəri qaçdı- Hesabı ödəmədən

İspaniyadakı restoranlardan birində tragikomik hadisə yaşanıb.

AzNews.az “BBC News”a istinadən xəbər verir ki, ölkənin şimal qərbindəki Bembire şəhərində yerləşən “El Carmen” restoranından 1 dəqiqə ərzində 120 müştəri qaçıb. Ruminiya vətəndaşları olan müştərilər ümumilikdə məkana 2 min avro borclu qalıblar.

Uşağın xaç suyuna salınmasını qeyd edən həmin şəxslər banketdən əvvəl 900 avro məbləğində ilkin ödəniş ediblər. Desert verilməzdən əvvəl qaçan qonaqlar bu zamana qədər soyuq qəlyanaltıları, əsas yeməyi yeyib üstəlik, 30 şüşə müxtəlif spirti içki içməyə də imkan tapıblar.

Məkanın sahibi Antonio Rodrigez müştərilər barədə bildiyi hər şeyi polisə danışıb. O, hər şeyin qısa zaman ərzində baş verdiyini və heç nə anlaya bilmədiyini bildirib. Rodrigez 35 ildir ki, restoran sahəsində çalışdığını və belə bir hadisə ilə ilk dəfə qarşılaşdığını qeyd edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hələ də müştərilərdən heç birini tapa bilməyib.