ABŞ BMT İnsan Haqları Şurasını tərk edə bilər - Xəbərdarlıq edildi

Amerikalı səfir BMT-nin İnsan Haqları Şurasını tərk edəcəklərinə dair xəbərdarlıq edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Administrasiyasının belə bir qərar qəbul etməsinə səbəb qurumun İsrailə qarşı qərəzli mövqe sərgiləməsi olub.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli bildirib ki, ABŞ hökuməti vəziyyətlə əlaqədar BMT İnsan Haqları Şurasındakı rolunu yenidən gözdən keçirir.

Heyli qeyd edib ki, qurum İsrailə qarşı 5 qətnamə qəbul etsə də, Venesuelaya qarşı heç bir tədbir görməyib. Venesuelada son günlərdə yaşanan siyasi böhran fonunda onlarla etirazçı öldürülüb.

Heylinin sözlərinə görə, bu qərəzli mövqeyi qəbul etmək çətindir.

Heyli İranda da insan haqlarının kobud şəkildə pozulduğunu, lakin bu ölkəyə də qarşı kifayət qədər tədbirlər görülmədiyini əlavə edib.

Bəxtiyar Abbasov

AzNews.az