ABŞ qanunlarımıza hörmət etməlidir - Türkiyədən tələb

ABŞ Türkiyənin ünvanına təhdidlər səsləndirməklə heç nəyə nail olmayacaq.

Bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından ABŞ Prezidentinin amerikalı rahib Endryu Bransonun saxlanması ilə əlaqədar Ankaraya qarşı sanksiyaların tətbiqinə çağırışını şərh edərkən deyiblər.

Qeyd olunub ki, Türkiyə demokratik ölkədir və ABŞ-dan onun qanunlarına hörmət etməyi tələb edir:

"ABŞ hələ də FETÖ terror təşkilatının lideri Fəthullah Gülənin ekstradisiyası ilə bağlı addım atmayıb".

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib

Xatırladaq ki, bir müddət öncə, ABŞ Prezidenti Donald Tramp rahibin sərbəst buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış etmişdi. Amerkalı lider "Twitter" səhifəsində Türkiyədə saxlanılan E.Bransonun həbs müddətinin uzadılması qərarını "utancverici" adlandıraraq, onu azad etməyə çağırmışdı.

AzNews.az