52 ildən sonra tapılan sirli qadın

Kanadanın Britaniya Kolumbiyası ştatında 1961-ci ildə itkin düşmüş Lusi Conson 52 il sonra tapılıb.

Uzun müddət haqqında heç bir məlumat olmayan qadının öldürüldüyü güman edilib. Hətta Lusinin əri Marvin uzun illər həyat yoldaşının qatili kimi mühakimə olunub. M.Consonun öz xanımı Lusinin itməsi ilə bağlı yalnız 4 ildən sonra, 1965-ci ildə polisə müraciət etməsi onun haqqında şübhələri daha da artırıb.

Məhz bu səbəbdən o həbs edilmiş və polis əməkdaşları cəsədin axtarışı səbəbi ilə ailəyə məxsus evin baxçasını tamamilə qazımışdılar. 25 il davam edən istintaq 1990-ci ildə Marvin Consonun vəfatı ilə sonlandırılmış və açılmamış cinayət işi kimi arxivə göndərilmişdi.

Ancaq Lusinin qızı Linda işi yenidən qaldıraraq anasının axtarışlarının yenidən bərpa olunmasına nail olub. Anası itkin düşərkən 7 yaşında olan qız anasının 52 il əvvəl çəkilmiş şəkillərini yenidən Yukon ştatındakı bir qəzetdə çap etdirib. Lindanın bu inadı gözlənilən nəticəsini verib. Naməlum bir telefon zəngi sayəsində Lusi Consonun öz doğma evindən min kilometr uzaqda yeni ailəsi ilə birgə yaşadığı məlum olub.

4 yeni qardaşının olduğunu öyrənən Linda anası ilə yaşamaq istədiyini bildirib: "Onun həyatının bir parçası olmaq istəyirəm". Qeyd edək ki, Lusi Consonun 52 il bundan əvvəl ərini və yeddi yaşlı qızını niyə tərk etdiyi hələ də məlum deyil.

AzNews.az