Hava proqnozu vermək qadağan olundu

Çində müşahidə olunan həddən artıq isti hava şəraiti hökumətin yeni tədbirlər almasına səbəb olub

Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 140 ilin ən isti günlərini yaşayan Çində ictimai gərginliyin artmasından qorxan səlahiyyətlilər, rəsmi mütəxəssislərdən başqa heç kimin hava proqnozu verməsinə icazə verilmədiyini açıqlayıblar.

Şanxay Hidrometeorologiya Bürosundan verilən açıqlamada internetdə yayılan və rəsmi olmayan şişirdilmiş hava proqnozlarının qarşısını almaq üçün belə bir addım atıldığı bildirilib. Bəzi saytlarda istiliyin 40 dərəcədən də çox olacağı ilə bağlı xəbərlər yayıldığı, bunun xalq arasında həyəcana və çaxnaşmaya səbəb olduğu bildirilib.

Büronun direktoru Man Lipinq qeyri-rəsmi hava proqnozlarında küləyin, rütubətin və digər amillərin nəzərə alınmadığını söyləyib. Dövlətin icazə verdiyi rəsmi mütəxəssislərdən başqa hava proqnozu verənlərə əvvəlcə xəbərdarlıq ediləcəyi, sonra isə cərimə ediləcəkləri bildirilib.

Qeyd edək ki, Şanxayda isti havaya dözə bilməyənlərin günorta saatlarında ventilyasiya olan mağazalarda və ya metroda yatdıqları müşahidə edilir. Bəziləri isə havanın nə qədər isti olduğunu göstərmək üçün Şanxaydakı Xalq Meydanında səkidə yemək bişirir. İstilər səbəbi ilə təkcə Şanxayda indiyə qədər 11 nəfər ölüb. Göl və çaylar quruyub, tarlalara zərər dəyib. Ölkədə isti hava şəraitinin bu ay da davam edəcəyi təxmin edilir

AzNews.az