Misir ordusu müxalifətə xəbərdarlıq etdi

Misir ordusunun ali baş komandanı Əbdül Fəttah Sisi hakimiyyətdən devrilən Məhəmməd Mursinin tərəfdarlarına xəbərdarlıq edib.

O, bəyan edib ki, hərbçilər ölkədə zorakılıqlarla barışmayacaq. O, orduya və polisə müraciət edərək deyib ki, Misirdə hamı üçün yer tapılacaq və hərbçilər hakimiyyəti ələ keçirmək niyyətində deyillər.

Bu, "Müsəlman qardaşları"nın etiraz aksiyaları yatırıldıqdan sonra Əbdül Fəttah Sisinin hadisələrə ilk müraciətidir.

Bu arada isə "Müsəlman qardaşları"nın bazar gününə təyin etdiyi nümayiş təxirə salınıb.

Misirin müvəqqəti hökumətində isə daha sərt addımların atılması ilə bağlı təkliflər səslənir. Bunların arasında Məhəmməd Mursini dəstəkləyən "Müsəlman qardaşları" hərəkatının fəaliyyətinin qadağan edilməsi də var.

Qeyd edək ki, son bir neçə gün ərzində Mursi tərəfdarları ilə polis və ordu hissələri arasında baş verən toqquşmalar nəticəsində yüzlərlə adam ölüb. Hələ ölkədə vəziyyətin normallaşmağa doğru getdiyini göstərən heç bir hadisə baş verməyib.

AzNews.az