Çexiyada qaraçılar əleyhinə etiraz aksiyaları keçirilir

Dünən Çexiyanın bir neçə şəhərində bir dəstə sağ yönümlü gənc tələbələr, qaraçıların ölkədən çıxarılması tələbi ilə etiraz aksiyaları keçiriblər.

ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, ölkənin şimal-şərqindəki Ostrave şəhərində 600 nəfərdən çox gənc fəal küçələrə çıxaraq, qaraçılar əleyhinə siyasi şüarlar səsləndiriblər. İcazəsiz keçirilən aksiyanın qarşısını almağa çalışan polis qüvvələri ilə aksiyaçılar arasında qarşıdurma yaranıb. Belə ki, bir dəstə gənc fəal əllərində taxta dəyənək və daşlarla polisə hücum edib. Bu zaman polis 60 nəfəri ictimai əsayişi pozma ittihamı ilə həbs etməyə məcbur olub.

Paytaxt Praqa, Plzene və Çeske-Budeevise şəhərlərində də kütləvi aksiyalar keçirilib.

Belə ki, Plzene şəhərində 400 nəfərdən çox gənc fəal küçələrə çıxaraq eyni şüarlar səsləndirib. Bu aksiyalarda da polislə qarşıdurma yaranıb və15 nəfər aksiyaçı saxlanılıb.

Çeske-Budeevise şəhərində isə aksiyaçılar qaraçıların sıx yaşadığı məhəllələrə hücum etməyə cəhd göstərib. Bunun qarşısını almağa çalışan hüquq-mühafizə orqanları gözyaşardıcı qazlardan istifadə etməli olub.

Qeyd edək ki, Çexiyada 250-300 minə yaxın qaraçı yaşayır. Qaraçılar ölkənin ən kasıb etnik qruplarından biridir.

AzNews.az