Ermənistan- Türkiyə münasibətləri müzakirə olundu

Ermənistan-Türkiyə protokollarının imzalanmasından 4 il sonra Ermənistan-Türkiyə münasibətləri və iki ölkə arasında sərhədlərin açılması məsələsi Avropa Parlamentində yenidən müzakirəyə çıxarılıb.

APA-nın "Novosti Armenii" saytına istinadən verdiyi xəbərə görə, avropalı parlamentarilər bu dəfə türkiyəli jurnalist Çingiz Aktar və erməni politoloqu Riçard Kirakosyanın protokolların masa üzərinə qaytarmaq və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırmaq imkanları barədə çıxışlarını dinləyib.

Türkiyədən gələn jurnalist çıxışında Azərbaycan faktorunun Türkiyədə hələ də böyük rol oynadığını qeyd edib. Aktar yaxınlarda işə salınacaq Yerevan-Van aviareysinin ləğv olunmasını xatırlayaraq deyib ki, Ermənistanla münasibətlərə dair bütün məsələlər dərhal Azərbaycan tərəfindən təzyiqlə üzləşir. "Azərbaycanlıların mövqeyi bu məsələdə tam aydındır: Dağlıq Qarabağ geri qaytarılmayınca Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmamalıdır", deyə türkiyəli jurnalist qeyd edib.

Türkiyənin Avropa Birliyindəki nümayəndəsi Selim Yenel "Azadlıq radiso"suna müsahibəsində bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ məsələsində konkret addımlar atmalıdır. "Biz müəyyən güzəştlər görmək istəyirik. Biz Ermənistan tərəfindən indiyədək heç bir addım görməmişik, bu səbəbdən də biz siyasi vakuum şəraitində addım ata bilmərik. Lakin, biz Dağlıq Qarabağın rayonlarından qoşunların çıxarılması və yaxud bir sıra ərazilərin geri qaytarılması kimi real addımları görsək – bu mütləq müsbət cavab addımların atılması ilə nəticələnəcək. Bu sirr deyil – biz bu barədə dəfələrlə bəyan etmişik. Biz Ermənistan tərəfindən, onların özləri üçün faydalı olacaq müsbət jest gözləyirik və bundan sonra bizim münasibətlərimiz də normallaşacaq", deyə o qeyd edib.

"Siz Azərbaycan hakimiyyəti Ermənistan-Türkiyə münasibətlərinə çox güclü təsir edir fikri ilə razısınızmı?" sualına isə Türkiyənin Avropa Birliyindəki nümayəndəsinin cavabı belə olub: "Ola bilsin, biz iki ayrı dövlətik, lakin bir xalqıq. Biz Azərbaycana diqqət yetirməyə bilmərik. Bu ölkə bizə ən yaxın olan dövlətdir və biz ona diqqət yetirməliyik. Biz görürük ki, bu ölkəyə qarşı ədalətsizlik olub, və bunun düzəlməsi üçün Ermənistan tərəfindən müvafiq addımların atılmasını gözləyirik. Məsələyə kimin kimə təsir etməsi prizmasından yox, ədalətlilik nöqteyi-nəzərdən baxmaq lazımdır", deyə diplomat vurğulayıb.

AzNews.az