BMT TŞ əhaliyə çağırış etdi

BMT Təhlükəsizlik Şurası Suriyada geniş miqyaslı insan haqları pozuntuları, zorakılıq və terrorçu hücumları pisləyən bəyanatla çıxış edib.

APA-nın xəbərinə görə, bəyanat oktyabr ayında TŞ-yə sədrlik edən Azərbaycanın qurumdakı daimi nümayəndəsi Aqşin Mehdiyev tərəfindən verilib.

Bəyanatda TŞ üzvləri Suriyada tərəfləri beynəlxalq humanitar hüququn pozulmasına dərhal son qoymağa, tibbi personalın yaralılara və xəstələrə maneəsiz yardım etməsi üçün şərait yaratmağa, humanitar yardımların ölkə miqyasında təhlükəsiz və maneəsiz şəkildə ehtiyacı olanlara çatdırılmasına çağırıblar: "Təhlükəsizlik Şurası Suriyada zorakılığın qəbuledilməz şəkildə artması və 100 mindən çox insanın ölümündən hiddətlənib və ölkədə humanitar situasiyanın çox ciddi şəkildə pisləşməsindən təşviş keçirir".

TŞ "Əl-Qaida" ilə əlaqəli terror təşkilatları və şəxslər tərəfindən həyata keçirilən və çoxsaylı insan itkisi ilə nəticələnən terror hücumlarının artmasını pisləyib. Qurum üzvləri mülki obyektlərə və şəxslərə hücumların, eləcə də kimyəvi silahın tətbiqinin, insanlara hədsiz iztirablar verəcək müharibə metodlarından istifadənin qadağan edildiyini xatırladıblar.

Bəyanatda bütün tərəflər, xüsusən Suriya hakimiyyəti BMT-nin müvafiq idarələrinin, bütün humanitar təşkilatların müharibədən zərər görən əhaliyə təxirəsalınmaz və fövqəladə humanitar yardımlar göstərə bilməsi üçün bütün lazımi tədbirləri görməyə çağırılıb. TŞ tələb edib ki, Suriya hökuməti humanitar personala vizaların verilməsini sürətləndirərək bütün bürokratik əngəlləri qaldırmalı, yeni humanitar mərkəzlərin açılması və humanitar layihələrə icazə verilməsi qaydalarını sadələşdirməli, humanitar yardımların ünvanına çatdırılması üçün şərait yaratmalıdır. TŞ tibb məntəqələri, məktəblər və su təchizatı stansiyalarının demilitarizasiyasını tələb edib.

TŞ üzvləri bütün dövlətləri Suriya üçün humanitar çağırışlara reaksiya verməyə çağıraraq bu ölkədə beynəlxalq hüququn tapdanmasına və cəzasızlığa son qoyulmasının zəruriliyini vurğulayıblar.

AzNews.az