“Avropanın sülhə mane olması iddiası reallığı əks etdirmir” - Oqtay Qasımov

"Macarıstanın xarici işlər nazirinin Ukraynada sülhün bağlanmasına Avropa ölkələrinin mane olduğu barədə iddiası hesab edirəm ki, reallığı əks etdirmir. Belə ki, avqust ayında Alyaska görüşündən sonra Zelenski ilə birlikdə ABŞ-a səfər edən bir sıra Avropa ölkələrinin rəhbərləri həmin görüşdə məhz Rusiyanın şərtləri əsasında sülh sazişinin imzalanmasına qarşı çıxıblar. Çünki bu şərtlər Ukraynanın ərazi bütövlüyünün faktiki olaraq pozulması və Rusiyanın işğal siyasətinin legitimləşdirilməsi demək idi. Məhz Avropa ölkələri buna mane olmağa çalışdı və müəyyən qədər də buna nail oldu, ən azı prosesin uzadılması baxımından".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Xatırladaq ki, Ukrayna müharibəsi ilə bağlı diplomatik proseslər yenidən fəallaşıb. Sülh danışıqları və mümkün sülh sazişinin şərtləri ətrafında müzakirələr intensivləşdiyi bir vaxtda Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri diqqət çəkir. Avropa liderlərinin onu müşayiət etməsi isə müxtəlif iddialara səbəb olub. Macarıstanın xarici işlər naziri Peter Siyarto Gürcüstanın “Rustavi 2” telekanalına müsahibəsində bildirib ki, bu səfərin məqsədlərindən biri Ukraynada mövcud şərtlərlə sülh sazişinin bağlanmasına mane olmaqdır.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan səsləndirilən iddialar reallığı əks etdirmir.

"Daha çox Macarıstanın öz mövqeyindən irəli gələn siyasi bəyanat kimi dəyərləndirilə bilər. Macarıstan Rusiyayla münasibətlərini davam etdirən və sanksiyalara qoşulmayan azsaylı Avropa ölkələrindən biridir. Avropa İttifaqı daxilində də Macarıstan faktiki olaraq Rusiyanın lobbiçisi kimi qəbul olunur. Bu səbəbdən Avropa İttifaqı ilə Macarıstan arasında gərgin münasibətlərin mövcud olması da sirr deyil. Macarıstanın baxışına görə, Ukrayna Rusiyanın bütün şərtlərini qəbul etməklə müharibəni dayandırmalıdır. Halbuki bu yanaşma həm beynəlxalq hüquq, həm Ukraynanın ərazi bütövlüyü, həm də təcavüzkarın iştahının daha da artırılması baxımından qəbuledilməzdir. Ona görə də hesab edirəm ki, bu iddialar reallığı əks etdirmir. Burada müəyyən dərəcədə siyasi manipulyasiya cəhdlərinin olduğunu demək daha doğru olar".

Rəfiqə Namazəliyeva,

AzNews.az