Yanukoviçin şəkillərini satmaq istəyənlər tutuldu

Belarus dövlət təhlükəsizlik komitəsi keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçin iqamətgahından oğurlanan şəkilləri satmaq istəyən bir qrup şəxsi saxlayıb.



MTN-nin mətbuat xidmətindən verilən məlumatda saxlanılanların satışa çıxartdıqları incəsənət əsərlərinin keçmiş Ukrayna prezidenti V.Yanukoviçin iqamətgahından çıxarıldığını iddia etdikləri bildirilib. Hadisə ilə bağlı "qanunsuz sahibkarlıq fəaliyyəti" maddəsi üzrə cinayət işi açılıb.

İstintaq məlumatına görə, saxlanılan 5 əsəri 2 milyon avroya satmaq istəyiblər. Kimliyi müəyyən olunmayan müəlliflərin əsərləri Klod Mone, Vinsent Van Qoq, Edvard Munk, Konstantin Yun və Vasili Kandinskinin əsərləri kimi göstərilib.

Hazırda şəkillər üzərində sənətşünaslıq və digər ekspertizalar həyata keçirilir. Bundan sonra əsərlərin real qiyməti və rəssamlıq,mədəniyyət və tarixi dəyəri bilinəcək.
Qeyd olunur ki, saxlanılan şəxslərin yaşadığı ünvanda axtarış aparılarkən 100-dən çox qədim ikon və şəkillər tapılıb. Ekspertlərin ilkin rəyinə əsasən, əsərlərin böyük hissəsi 18-19-cu əsrə aid boyalarla çəkilib.

Xatırladaq ki, Ukraynada fevralın 22-də həyata keçirilən hakimiyyət çevrilişindən sonar keçmiş prezident Viktor Yanukoviç öz həyatı üçün qorxduğundan ölkəni tərk edib. Onun yaşadığı iqamətgahı isə vətəndaşlar üçün açıq olub. İqamətgahda çoxlu dəyərli əşyalar tapılıb.

Aydan Axundova
AzNews.az