Ağ Evə gizli daxil olan şəxsdən xəbər var

Ağ Evə soxulduğuna görə həbs edilən şəxs prezident iqamətgahında əvvəl güman edildiyindən daha içərilərə gedib.



AzNews.az xəbər verir ki, bu haqda ABŞ mətbuatı yazıb.

Xəbərdə deyilir ki, hadisədən bir neçə gün keçmiş Ağ Ev ətrafında əlavə müvəqqəti baryer quraşdırılıb.

Ağ Evin adı çəkilməyən rəsmisi binaya daxil olan 42 yaşlı Omar Gonzalezin Ağ Evdəki Şərq salonunadək gedib çatdığını deyib.

Sentyabrın 19-da baş verən hadisədən sonra hasarı keçib binaya soxulmaq istəyən Gonzalezin Ağ Evin Şimal qapısında saxlanıldığı bildirilib.

Çərşənbə axşamı Məxfi Xidmətin rəhbəri Julia Pierson məsələyə aydınlıq gətirmək məqsədilə parlament komitəsinin suallarını cavablandırmalıdır.

Omar Gonzalez qapıdakı mühafizəçini keçdikdən sonra Şərq salonunadək qaçıb çatmağa müvəffəq olub. Bu informasiyanı da Washington Post qəzetinə adı açıqlanmayan rəsmi şəxs bildirib.

Qeyd edək ki, şərq salonunda tez-tez prezidentlərin müraciətləri və rəsmi qəbullar təşkil olunur.

Dövlət başçısının təhlükəsizliyinə cavabdeh olan Məxfi Xidmət son məlumatı şərh etməkdən imtina edib.

Məxfi Xidmət insidentdən sonra təhlükəsizlik tədbirlərinin nəzərdən keçirildiyini bildirib.

Cənab Gonzalezə ölümcül təhlükəli silah daşıyarkən girişi yasaqlanmış bina və ya sahəyə qeyri-qanuni daxil olmaqla bağlı ittiham təqdim olunub.
İraq müharibəsinin veteranı olan cənab Gonzalez iyul ayında Virciniya ştatının polisi tərəfindən saxlanılıb.

Axtarış vaxtı onun avtomobilindən 2 tüfəng, 4 tapança, digər odlu silah və güllələrlə yanaşı Ağ Evin işarələndiyi xəritə aşkar olunub.

İnsidentə görə təhlükəsizlik xidməti tənqid olunur.

Yay aylarında Omar Gonzalezlə iki dəfə söhbət aparan Məxfi Xidmət əməkdaşları onun təhlükəsizliyinə hədə olmadığı qənaətinə gəliblər, adı çəkilməyən hüquq-mühafizə orqanlarının nümayəndəsi Associated Press agentliyinə bildirib.

İnsidentin baş verdiyi anlardan 10 dəqiqə əvvəl Barak Obama və prezidentin ailəsi binanı tərk edib.


AzNews.az