Suriya mərmisi dünya mətbuatını ayağa qaldırdı

Türkiyənin Suriyanın hücumuna məruz qalması dünya mətbuatında belə əks olundu


Türkiyənin Şanlıurfa şəhərinin Akçakale mahalına Suriyadan atılan top mərmisi dünya mətbuatının manşet xəbərinə çevrilib. Bəzi dünya telekanalları isə yayını yarımçıq kəsərək bu xəbəri işıqlandırıblar. AzNews.az dünya mətbuatının bu hadisəni necə işıqlandırdığını araşdırıb:

"Röters" agentliyi: Akçakaleyə düşən top mərmisi 1-i qadın, 4-ü uşaq olmaqla 5 nəfərin həyatına son qoydu. Ən az 8 nəfər yaralanıb. Əhali isə yaralılara köməyə qaçmaqdadır. Bəzi vətəndaşlar isə küçələrdə etiraz aksiyasına başlayıblar.

"İndependent" qəzeti: Suriya bombasını sərhəddən kənara da ata biləcəyini göz önünə qoydu. Türkiyənin top atəşinə cavab verdiyi bildirilir. Hücuma məruz qalan ölkə ölümə yol açan mərminin Azad Suriya Ordusuna qarşı vuruşan ordu tərəfindən açıldığına inanır.

"Times" qəzeti: Sərhəddən kənar hücumun gətirdiyi ölümlər Türkiyəni hərbi müdaxilə etməyə sövq edir. Suriya artıq Türkiyəyə başqa seçim haqqı saxlamayıb.
Suriya ən böyük şəhəri Hələbdə partlayışların baş verdiyi bir gündə Akçakaledə də partlayış törətdi və Türkiyə də buna qarşılıq verdi. Bir çox ölkə birbaşa və ya bilavasitə Suriyadakı savaşa müdaxilə edirdi. Ancaq Türkiyə müharibəyə hərbi müdaxiləsini ilk dəfə açıq-aşkar qəbul etdi.

Əl-Cəzirə telekanalı: Türkiyədə partlayış nəticəsində 8 nəfər ölüb və bir çox şəxs yaralanıb. Hadisədən sonra Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlunun BMT-nin Baş Katibi Pan Ki Mun və NATO-nun Baş Katibi Rasmussen ilə telefon əlaqəsi yaratmağı diqqət çəkib.

Hollandiya mətbuatı: Gözlənilmədiyi halda Suriyanın hücumuna Türkiyə də qarşılıq verib. İki ölkə arasında sular artıq qaynamağa başlayıb. Türkiyə Suriyadan intiqamını alır. Hökumət nümayəndələrinin səssizliyi isə diqqətdən kənarda qalmayıb.

Rusiya mətbuatı: Sərhəddə yaşanan hadisəyə qarşılıq olaraq Türkiyə də Suriyaya atəş açıb. Baş verən olayda 5 nəfərə həyatını itirib, 10 nəfər isə yaralanıb.

"İnterfax" və "İtar-Tass" agentlikləri: Türkiyədə baş verən hadisə səbəbiylə NATO-ya daxil olan ölkələrdə təcili iclaslar çağırılıb. Kreml və Rusiya Xarici İşlər Nazirliyindən isə hələ ki, bir cavab gəlməyib.

Sevinc Fədai
AzNews.az