- Köhnə - Dünya
- 8 İyun 2015 10:13
- 4 122
AKP koalisiya qura biləcəkmi? - Məğlubiyyətə bərabər qalibiyyət
Türkiyədə parlament seçkiləri artıq sona çatıb.
AzNews.az xəbər verir ki, seçkidə qalib gələn partiyaların adları hər kəsə məlumdur.
Gözləndiyi kimi bu partiyada iqtidar partiyası olan AK (Ədalət və İnkişaf ) Partiyası 1-ci yeri tutub. Düzdür, prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulan bu partiyanın yenidən Türkiyədə liderliyə yüksəlməsi bu partiya tərəfdarları tərəfindən sevinclə qaşılanıb. Ancaq eskpertlər bu sevinci məğlubiyyətə bərabər qalibiyyət kimi qiymətləndirirlər, çünki 1-ci yeri tutan partiyanın hökuməti qurması üçün Türkiyə Böyük Millət Məclisində ən azından 276 deputatı olmalıdır. AK Partiya isə cəmi 258 yer ala bilib. Deməli, Baş nazir Əhməd Davudoğlunun yenidən hökumətə rəhbərlik etməsi üçün mütləq seçkidə barajı keçən digər partiyalarla koalisiya qurulmalıdır.
Bunun isə baş tutacağı heç də real görünmür, çünki elə dünən seçkilərdən dərhal sonra HDP başqanı Selahattin Demirtaş "AK Partiya ilə nə daxildən, nə də xaricdən koalisiya qurmayacağıq" bəyanatını verib.
MHP Lideri Devlet Bahçeli də eyni məzmunda çıxış edib və bildirib ki, koalisiyadan söhbət belə gedə bilməz: "İstəyirlərsə, yenidən seçki keçirə bilərlər".
Son ümid isə CHP-yə qalıb, çünki bu partiyanın lideri Kemal Kılıçdaroğlu koalisiya ilə bağlı heç bir bəyanat verməyib.
Bu seçkinin prezident Ərdoğan üçün çox böyük siyasi bir əhəmiyyəti var. Belə ki, Ərdoğanın planına əsasən Türkiyə parlament seçkilərinə gedir, AK Partiya qalib gəlir və TBMM-də Konstitusiyaya dəyişiklik etmək üçün layihə təklif edilir. Həmin layihənin məqsədi isə Türkiyənin prezident üsul-idarəsinə keçməkdir.
Əgər AK Partiyası öz millət vəkillərinin sayını 330-a çatdırsaydı, o zaman bu partiya konstitusiya üstünlüyü əldə edərək prezident statusunun dəyişdirilməsi barədə referendum elan edə bilərdi. Yox, əgər 367 yer əldə edilsəydi, statusun dəyişdirilməsi adi parlament səsverməsi ilə həyata keçiriləcəkdi.
Dünən gecə Baş nazir Əhməd Davudoğlunun eyvan nitqi isə böyük marağa səbəb olub. O, partiyasının dastan yazdığını və seçkilərdə birinci partiya olduğunu vurğulayıb: "Digər partiyalara mesajımız budur. Kiçik faizlərlə "qələbə çalmışıq" deməsinlər. Bu seçki gecəsi 81 vilayəti dolaşmış kimi gəlirəm. Sizə Ağrıdan, Ilgazdan, Uludağdan salamlar gətirmişik. Ölkəmizin hər küncünə, hər çayına, hər dağına, hər ovalığına salam olsun. Bu eyvandan vətəndaşlarımıza müraciət edirəm. Onlara da salam olsun. Allah onlardan, onların iradələrindən razı olsun. Bu eyvanı bir demokratiya ocağı edən prezidentimizə də salam olsun. Sizin gücünüz də tam bir demokratiya bayramıdır. AK Partiya hərəkatı 13 ildir ki, tək bir şeyin davasını etdi, o da milli iradə, milli iradə və milli iradədir. Hər cür əngəllə rastlaşmışıq. Partiyamızı bağlamağa çalışdılar, amma biz həmişə milli iradə dedik. Kimsənin 1-ci olmağımızdan şübhəsi olmasın. 13 ildir böyük sınaqlardan keçdik. Biz millətin içindən gəlmişik, taleyimiz millətin taleyidir. Bir an dayanmayacağıq, bir an belə millətdən ayrı düşməyəcəyik. Bu seçki kampaniyasında 81 vilayətdə vətəndaşlarıyla görüşən AK Partiyadır. Hər bir AK Partiya təşkilatının üzvünün alnından öpürəm. Bu gün AK Partiya bir daha dastan yazıb. Hər kəs bilməlidir ki, AK Partiya bu seçkinin qalibi və birincisidir. Hər kəs öz hesabını aparmalıdır. Türkiyənin onurğa sümüyü AK partiyadır. Bu partiya millət üçün ən doğru olanı etməyə qərarlıdır".
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə AK Partiyasından 258, CHP-dən 132, MHP-dən 80, HDP-dən isə 80 millət vəkili seçilib.