Debatlara İran bombası

ABŞ-da keçiriləcək prezident seçkisi öncəsi namizədlərin debatlarında "İran bombası" partlayıb. Namizədlərin xarici siyasətlə bağlı fikirlərinin maraqlı olduğu bir zamanda, "Nyu-York Times" qəzetində dərc olunan məqalə Vaşinqtonda əməlli-başlı qarışıqlıq yaradıb.

Məqalədə İran və ABŞ-ın nüvə proqramı ilə bağlı ikitərəfli müzakirələrə başlayacağı barədə razılığa gəlindiyi qeyd olunub. Ağ Ev belə bir anlaşmanın olmadığını, diplomatik çözüm üçün Avropa Birliyi yetkilisi Ketrin Eştonun iştirakı ilə 5+1 formatında müzakirələrin davam etdiyini vurğulayıb.

Ancaq qəzet xəbəri yüksək səviyyəli bir ABŞ yetkilisinə istinadən yaydığını bildirərək məlumatın doğruluğunun şübhə altına alınmamasını istəyib.

Adı açıqlanmayan ABŞ yetkililəri də xəbərin doğruluğunu təsdiqləyərək ikitərəfli müzakirələr üçün anlaşmanın əldə edildiyini vurğulayıb. Bu isə dünya mətbuatında ABŞ prezidenti Barak Obamanın nüfuzuna zərbə kimi qiymətləndirilir və "debatlara İran bombası" kimi xarakterizə edilir.

Alpər
AzNews.az